Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “20 yanvar – Ümumxalq hüzn günü”nə həsr olunmuş "20 yanvar – fəxrlə andığımız gün" adlı tədbir keçirilmişdir.
Qanlı yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Şəhid ailələrinə sosial dəstək ictimai birliyi ilə birgə təşkil olunmuşdur.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açaraq, bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Ona görə də bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub. Nailə xanım çıxışının sonunda bu faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri insanlığa, humanizmə qarşı törədilən cinayət olduğunu vurğulamışdır.
Sonra tədbir iştirakçıları 1990-cı il 20 yanvar gecəsində azadlıq uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə iştirak edən Azərbaycan Respblikası Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri (müşavir), professor İsaxan Vəliyev öz çıxışında bildirdi ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycan tarixinin qanlı səhifəsinə çevrilsə də, eyni zamanda xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyi və azadlığı uğrunda canından belə keçməyə hazır olduğunu bir daha sübut etdi. Məhz buna görə də 20 yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir.
Sonra anım mərasimində 20 yanvar hadisələrinin şahidi olan Əlizadə Elşən faciə ilə bağlı xatirələrini bölüşdü.
Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzinin vitse-prezidenti, bu mərkəzin Suraxanı rayon bölməsinin sədri, 20 yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı Şövkət Xanməmmədova çıxış etdi. O müəllifi olduğu “20 dən 20-yə” adlı kitabını Muzeyə təqdim etmişdi.
Tədbirdə həmçinin, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymətin yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verildiyi qeyd olunub. Ulu öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutub, onun göstərişi və bilavasitə iştirakı ilə Şəhidlər Xiyabanında onların adlarını əbədiləşdirən möhtəşəm abidə kompleksi ucaldılıb.
Tədbirin bədii hissəsində “Güllələrin mübarək” adlı mahnıya çəkilmiş klipin təqdimatı olmuşdur. Şəhid ailələrinə sosial dəstək ictimai birliyinin sədri Almaz Zeynalova klipin ərsəyə gəlməsi haqqında məlumat vermişdir. “Güllələrin mübarək” mahnısının sözləri, Şəhla Gündüzə, musiqisi isə bəstəkar Əli Behbudzadəyə məxsusdur. Şəmistan Əlizamanlının ifasında səslənən klipin özəlliklərindən biri də onun ingilis dilində subtitrlarla müşayət olunması idi.
Daha sonra Bakı şəhəri 2 saylı Texniki-Humanitar Elmlər liseyinin 6-7-ci sinif şagirdləri, həmin liseyin müəlliməsi Ellada Həziyevanın rəhbərliyi ilə “Tariximizin unudulmayan günü” kompozisiyasını təqdim etdilər.
Xalqımızın milli birliyini gücləndirmiş, Azərbaycan tarixinin faciəvi, eyni zamanda şanlı səhifələrindən biri olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi daim qəlblərdə yaşayacaq və bu gün fəxrlə anılacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.