XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 İyul, 2009
«Milli geyimlər və müasir modada ümumilik» mövzusunda beynəlxalq simpozium keçirildi

AMEA Milli Azərbaycan Tarixi Muzeyində SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Azərbaycan Mədəniyyət Fondu (AMF), Koreya Moda və Geyim Dizaynı Assosiasiyası, Türkiyə-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası, Mədəniyyət və Turizm Nazirliyi və “Hyundai” Auto-Azərbaycan şirkətinin təşkilatçılığı ilə “Milli geyimlər və müasir modada ümumilik” mövzusunda beynəlxalq simpozium keçirildi.


Öncə Azərbaycan, Koreya Respublikası, Türkiyə, Bolqarıstan, Misir, Çin və Yaponiyadan olan müəllif-dizaynerlərin hazırladığı geyim və aksesuarlardan ibarət sərgi nümayiş etdirildi.

Azərbaycanın tanınmış milət vəkilləri, incəsənət xadimləri, ziyalıları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə yanaşı, 130-dək qonağın iştirak etdiyi tədbiri giriş sözü ilə açan SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova beynəlxalq simpoziumun keçirilməsini yüksək qiymətləndirdi.

Tədbirdə çıxış edən Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Mədəniyyət Fondunun vitse-prezidenti professor Nərgiz Paşayeva 2007-ci ildə Bakı Dövlət Universitetində Koreya dilinin tədrisinə başlandığını bildirərək, elə həmin ildə BDU-da Koreya Mədəniyyət Mərkəzinin yaradıldığını söylədi. O, AMF və SEBA tərəfindən uğurla həyata keçirilən tədbirlər və onların nəticələri ilə tədbir iştirakçılarını məlumatlandırdı.

Tədbirdə Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Koreyanın Azərbaycandakı səfiri Lyu Kvanq Çul, Koreya Moda və Geyim Dizaynı Assosiasiyasının sədri Kim Byon Mi çıxış edərək, Azərbaycan ilə Koreya Respublikası arasında mədəni əlaqələrdən danışdılar, belə tədbirlərin silsilə şəkildə təşkil olunmasını arzuladıqlarını bildirdilər. Tədbirin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyət Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirən simpozium iştirakçıları AMF üçün nəzərdə tutulan hədiyyəni fondun vitse-prezidenti Nərgiz Paşayevaya təqdim etdilər.

Tədbirdə həmçinin AMEA Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Rafael Hüseynov “Azərbaycan milli geyimləri tarixdə, düşüncədə və ədəbiyyatımızda”, Bolqarıstan Dizayn Assosiasiyasının sədri Teodora Momekova “Moda ənənə və müasirlik arasında bir əlaqə kimi”, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva “İtirilmiş yaddaş: önlük və meyzər” mövzusunda məruzələrlə çıxış etdilər.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.