XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Dekabr, 2017
Muzeydə bərpaçı-rəssamın anım günü keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində tanınmış bərpaçı-rəssam Fərhad Hacıyevin 30-cu ildönümü qeyd edilib. Anım mərasimində incəsənət xadimləri, rəssamlar, sənətşünaslar, Muzey əməkdaşları iştirak ediblər. Tədbiri Fərhad Hacıyevin yaradıcılıq yolunu davam etdirən qızı, Muzeyin bərpaçı-rəssamı Gülşən Hacıyeva və mərhumun oğlu İbrahim Hacıyev təşkil etmişlər. Tədbir iştirakçıları F.Hacıyevin yaradıcılıq yoluna nəzər salıb, onunla bağlı xatirələrini bölüşüblər. Sənətşünas Ziyadxan Əliyev çıxış edərək F.Hacıyevin yaradıcılıq uğurlarından danışıb və bildirib ki, o, Azərbaycanın ilk tanınmış bərpaçı-rəssamı olub. Sonra tədbirdə iştirak edən bərpaçı-rəssam Sabir Rüstəmov çıxış edib. O, F.Hacıyevin sənət aləmindən danışıb və qeyd edib ki, Azərbaycanda bərpa rəssamlığı F.Hacıyevin adı ilə bağlıdır. F.Hacıyev 1929-cu ildə Şamaxı şəhərində anadan olub. 1949-cu ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1950-1955-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil alıb, bərpaçılıq sənətinin sirlərinə dərindən yiyələnib. F.Hacıyevin yenidən həyata qaytardığı əsərlər sırasında bir məşhur əsər də var. Bu, məşhur azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyində nümayiş olunan portretidir. Əsərin müəllifi məşhur rus rəssamı İ.Brodskidir. O, “Hacı Zeynalabdin Tağıyevin portreti”ni 1910-cu ildə çəkmişdi. Sovetlərin gəlişindən sonra həmin əsər bir vaxtlar H.Z.Tağıyevin evi olan indiki Milli Azərbaycan Tarixi Muzeyinin zirzəmisində qalmışdı. Çox yerdən zədələnmiş, rəngləri qopmuş, az qala sıradan çıxmışdı. Lakin F.Hacıyev təsadüfən onu tapdıqdan sonra gizlicə özüylə İncəsənət Muzeyindəki bərpa emalatxanasına aparır. Bu, 1959-cu ildə olmuşdu. Onda H.Z.Tağıyev kimi adamların adını belə çəkmək yasaq idi. F.Hacıyev bir ilə portretin bərpasını başa çatdırır, onu yenidən həyata qaytarır və beləliklə, H.Z.Tağıyevin portreti çox sonralar onun öz keçmiş evinə - Muzeyə qayıdır. Əsərin bərpadan öncəki və sonrakı durumunu əks etdirən fotolara baxanda bərpaçı-rəssamın böyük zəhməti açıq-aşkar görünür və buna görə də onu əsərin ikinci müəllifi saya bilərik. Bu gün Azərbaycan muzeylərində bərpa və konservasiyaya ehtiyacı olan minlərlə eksponat mövcuddur. Xalqımızın zəngin bədii-tarixi irsi, dəyərli maddi-mənəvi sərvətləri peşəkar bərpaçı-rəssamların qayğıkeş əllərini gözləyir.