Bu gün Tibb elmləri doktoru, professor Axundov İsmayıl Əbdülxalıq oğlunun аnаdаn оlmаsının 120 illiyidir.
Axundov İsmayıl Əbdülxalıq oğlu (25.1.1897, Şamaxı - 1952, Bakı) - Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, görkəmli alim, Azərbaycanda tibb elminin tanınmış təşkilatçılarından biri. Bakı kişi gimnaziyasını bitirmişdir (1918). Parlamentin 1919 il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini tibb sahəsində davam etdirmək üçün Almaniyanın Münxen Universitetinə göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-25 illər üçün məlumatında Axundovun təhsilinin bitməsinə 2 il qaldığı göstərilirdi.
Görkəmli həkim-cərrah Mustafa Topçubaşov Almaniyada olarkən İsmayıl Axundovdan cərrahlıq ixtisasından epidemioloq ixtisasına keçməsini xahiş etmişdi. Bunun səbəbi Azərbaycan əhalisini əldən salan malyariya xəstəliyinə qarşı mübarizədə ixtisaslı həkim kadrlarının çatışmaması idi. Təhsilini başa vurduqda müəllimi, məşhur epidemioloq Martini İsmayıl Axundovu rəhbərlik etdiyi Hamburq Tropikologiya İnstitutuna dəvət etmişdir. Onun rəhbərliyi altında təcrübə keçən doktorant İsmayıl Axundov tədqiqatlarını dərinləşdirərək, dissertasiya yazmış, Afrikada uzunmüddətli ezamiyyətdə olmuşdur. Hamburqa dönərkən Axundovun verdiyi hesabat prof. Martininin elmdə yeni bir istiqamət proqnozlaşdırmasına imkan vermişdir.
O, Fransa, Əlcəzair və İsveçrədə keçirilən simpoziumlarda çıxış etmiş, 1927 ildə müvəffəqiyyətlə dissertasiya müdafıə edərək, elmlər doktoru olmuşdur.1928 ildə Bakıdan vətənə qayıtmaq təklifi almışdır. Ümumxalq fəlakətinə çevrilmiş malyariya ilə mübarizədə ölkənin tropikoloq mütəxəssislərə böyük ehtiyacı var idi.
Təcrübəli həkim alim kimi vətənə dönən İsmayıl Axundov Azərbaycanda tropikologiya sahəsində ilk professor olmuşdur. Almaniyada aldığı biliklərin əməli tədbiqinə başlamış, malyariya ilə mübarizədə mühüm rol oynamışdır. Onun görkəmli kimyaçı Yusif Məmmədəliyevlə birgə yaradıcılıq əməkdaşlığı malyariyaya qarşı kimyəvi terapiya müalicə üsulu, yeni preparatların yaradılması kimi uğurlu nəticələr vermişdir. Tələbəsinin fəaliyyətini uzaq Almaniyadan izləyən prof. Martini Axundovun malyariya ilə mübarizədəki uğurlarına sevinmiş, məktublarının birində hər iki alimin birgə əməyini yüksək dəyərləndirmişdir.
Axundov Bakı Epidemiologiya və Mikrobiologiya İnstitutunda parazitoloq-entomoloq işləmiş, Azərbaycan Tibb İnstitutunun tropik xəstəliklər kafedrasının müdiri, Bakı tropik stansiyasının direktoru, İkinci dünya müharibəsi dövründə Cənubi Qafqaz cəbhəsinin baş epidemioloqu olmuşdur. 40-dan çox elmi əsərin müəllifıdir. 30-cu illərdə mütərəqqi
Azərbaycan ziyalılarına qarşı repressiyalar başlandığı dövrdə, İsmayıl Axundovun Belçikada təhsil almış böyük qardaşı professor Ağa Axundov həbs edilmişdir. O,qardaşının həbs olunduğu gün, özünün də repressiyaya məruz qalacağından ehtiyat edərək, Almaniya ilə bağlı sənədlərinin çox hissəsini yandırmışdır.
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin bölmələrindən olan Sənədli Mənbələr fondlarında İ.Axundova məxsus fotoşəkillər və sənədlər mühafizə olunur.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası I cild, Bakı, “Lider Nəşriyyat”, 2004.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.