XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Noyabr, 2010
Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş “Muzeylər və mədəni irs” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi.

31 oktyabr-3 noyabr 2010-cu il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin 90 illiyinə həsr olunmuş “Muzeylər və mədəni irs” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi. Konfransda 50-dək yerli və xarici tarixçi, muzeyşünas, sənətşünas alim və mütəxəssis iştirak etmişdir.


 

Noyabrın 1-də tədbirin birinci günü idi. İştirakçılar əvvəlcə “Muzeyin inciləri” sərgisi ilə tanış oldular. Sərgidə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında saxlanılan və Muzeyə hədiyyə olunan, habelə xüsusi dəyəri olan eksponatlar nümayiş etdirilirdi. Sərgi ilə tanışlıqdan sonra konfransın təntənəli açılış mərasimi başladı. Mərasimi giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Muzeyin 90 il ərzində keçdiyi yola nəzər saldı, onun Azərbaycan mədəniyyətinin təbliğində, elminin inkişafında rolunu qeyd etdi. Çıxış edən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov və Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ölkənin ən iri muzeyinin yubileyini bütövlükdə Azərbaycan mədəniyyəti üçün əlamətdar hadisə kimi səciyyələndirdilər. Açılış mərasimində Türkiyənin Topqapı Sarayı Muzeyinin baş mühafizi Sibel Alparslan Arça və Dağıstan Dövlət Universitetinin professoru Artur Dalqatov da çıxış etd

Daha sonra konfrans işini bölmələrdə davam etdirdi. “Muzeylər-mədəni irsin daşıyıcısı və qoruyucusu”, “Muzeylər və mədəni irsin tədqiqi”, “Mədəni irsin təbliği, mühafizəsi və muzeylər” bölmələrində 40-dək məruzə dinlənildi. Məruzələr ayrıca kitab şəklində nəşr edilmişdi. Məruzələr bitəndən sonra bölmələrdə onların müzakirəsi başlandı.

Noyabrın 2-də konfransın rəsmi bağlanışı oldu. Həmsədrlər bölmələrin işi haqqında hesabat verərək, dinlənilən məruzələrin maraqla qarşılandığını, müzakirələrin səmərəli, qarşılıqlı diskussiya şəraitində aparıldığını vurğuladılar.

Konfrans rəsmən bağlandıqdan sonra iştirakçılar üçün mədəni proqram təşkil olundu. Suraxanıda Atəşgahın, Qala etnoqrafik muzeyinin ziyarəti qonaqların xüsusi marağına səbəb oldu.

“Muzeylər və mədəni irs” Beynəlxalq elmi konfransın işində Türkiyədən, Rusiyadan, İrandan, Misirdən, Ukraynadan, Gürcüstandan 16 nəfər alim iştirak etmişdir.