Milli Azərbaycan Tarixi Muzeyində bir çox görkəmli Azərbaycan hərbçisinin materialları qorunur və gənc nəsillərə hərb tariximizin yadigarı kimi təbliğ edilir.
Belə ki, Muzeyin Hədiyyələr və Xatirə Əşyaları fondunda Azərbaycan Cümhuriyyətinin Hərbi nazirinin müavini, “artilleriya allahı”, general-leytenant Əliağa Şıxlinskiyə məxsus şəxsi əşyalar mühafizə olunur. Belə eksponatlardan biri də xüsusi zövqlə hazırlanmış yəhərüstüdür.
Üzəri güləbətin işləməli yəhərüstü qırmızı məxmər parça və dəridən hazırlanmışdır. Eksponatın aşağı hissəsində də güləbətin sapdan saçaqlar vardır. Material bərpaya ehtiyac olduğundan Muzeyin Bərpa laboratoriyasının bərpaçı - rəssamı İlhamə Rəhimova tərəfindən bərpa edilmişdir. Yəhərüstü bərpadan sonra Hədiyyələr və Xatirə Əşyaları fonduna təhvil verilmişdir.
Ə.Şıxlinski və digər Azərbaycan generallarının fəaliyyəti Azərbaycan hərb sənətinin inkişafında böyük rol oynamışdır. Onlara məxsus materialların da Muzeydə mühafizəsi və təbliği gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından çox önəmlidir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.