23 fevral 2017-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə tariximizin qanlı səhifəsi olan Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan “26-cı ümid” adlı anım tədbiri keçirilib.
Həmçinin tədbirdə Azərbaycan Rəssamlar və Teatr Xadimləri İttifaqının üzvü, rəssam Elşən Sərxanoğlunun eyni adlı triptix formalı rəsm əsərinin təqdimatı olub.
Tədbirdə tarixçi alimlər, muzeyin kollektivi, qonaqlar və media nümayəndələri iştirak ediblər.
Xocalı soyqırımı haqqında ətraflı məlumat verən Muzeyin Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin müdiri Emin Dadaşov bildirib ki, bu faciə tariximizin ən qanlı səhifələrindən biridir. Bu dəhşətli hadisənin erməni quldur dəstələri tərəfindən törədilməsindən və onun ağır nəticələrindən danışan natiq diqqətə çatdırıb ki, soyqırımı nəticəsində dinc əhali xüsusi qəddarlıqla qətlə yetirilib, əsir götürülənlər isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qalıblar. E.Dadaşov deyib: “Xocalı soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq mənəvi borcumuzdur”.
Azərbaycan Rəssamlar İttifaqının sənətşünaslıq bölməsinin sədri, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev Xocalı soyqırımının dünyada baş verən digər qətliamlarla bir sırada olduğunu bildirib. Vurğulanıb ki, Xocalının ermənilər tərəfindən əsas hədəf kimi seçilməsi onların düşünülmüş siyasətinin tərkib hissəsidir. Təqdim olunan rəsm əsəri ilə bağlı fikirlərini bölüşən Z.Əliyev qeyd edib ki, rəsm yüksək bədii keyfiyyətə malikdir.
Sonra Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorları tərəfindən səhnələşdirilmiş “26-cı ümid” kompozisiyasının nümayişi olub.
Tariximizin təbliğində bədii estetik sənət növlərindən olan rəsmlərin özünəməxsus yer tutduğunu deyən rəssam E.Sərxanoğlu muzeyin rəhbərliyinə yaratdığı şəraitə görə minnətdarlığını bildirib.
Rəsm əsəri muzeyə hədiyyə edilib.
Sonda xarici jurnalistlərin Xocalı faciəsi ilə bağlı tədqiqatları, bir sıra ölkələrin mətbuatında dərc olunan məqalələr və “İrs - Nasledie” beynəlxalq jurnalının növbəti nömrəsi tədbir iştirakçılarına paylanılıb.
"26-cı ümid" adlı triptix formalı rəsm əsəri Muzeyin Konfrans zalında sərgilənir.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.