AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisinin təntənli açılışı oldu.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan etdi və qonaqları salamladı. AMEA-nın prezidenti akademik Akif Əlizadə çıxış edərək I Şah İsmayılın Azərbaycan tarixində tutduğu yerdən danışdı, onun Azərbaycanın dövlətçilik, hərb sənəti və mədəniyyətnə verdiyi töhfələri qeyd etdi. Xüsusi olaraq vurğulandı ki, açılışı keçirilən sərginin konsepsiyasının əsasında akademik Mehdiyevin 2014-cü ildə işıq üzü görmüş “Şah İsmayıl – sərkərdə və hökmdarın portreti” kitabı dayanır. AMEA Prezidenti sərginin təşkilində əməyi olan bütün şəxslərə öz təşəkkürünü bildirdi. Tədbirin bədii hissəsi Rauf Zeynalovun rəhbərlik etdiyi “Peşəkarlar” qrupunun nağaralarda ifa etdikləri ritmik Azərbaycan rəqs havaları ilə başladı. Azərbaycan Musiqi Mədəniyyəti Muzeyi nəzdində fəaliyyət göstərən və bədii rəhbəri Azərbaycan Respublikasının əməkdar artisti Munis Şərifov olan “Qədim musiqi alətləri ansamblı”nın ifasında XIV əsr bəstəkarı Əbdülqədir Marağayinin müəllifi olduğu Hüseyn bəstə”, “Naxış bəstə” musiqiləri, həmçinin “Qədim türk” musiqisi səsləndi. M.F.Axundov adına Azərbaycan Dövlət və Akademik Opera və Balet teatrının solistləri əməkdar artist Təyyar Bayramov, əməkdar artist İlahə Əfəndiyeva, əmərdar artist Elxan Mansurov, Arzu Əliyeva və Nərgiz Ağayevanın ifasında bəstəkar Müslüm Maqomayevin “Şah İsmayıl” operasından Şah İsmayıl və Ərəbzənginin, Şah İsmayıl və Gülzarın ariyaları səsləndirildi. “Xəzər Universiteti”nin magistrı Elçin Feyzullayev, Zülfiyyə Sadıqovanın müşayyəti ilə, “Şah İsmayıl” operasından “Aslan şahın ariyası”nı səsləndirdi. Bədii hissə sona çatandan sonra qonaqlar sərgi zalına dəvət olundular. Sərgi zalının qarşısında rəmzi qırmızı lent kəsildi. Sərgi zalının qarşınıda qonaqlar Rauf Zeynalovun “Peşəkarlar” qrupunun qurduğu soyuq silahla döyüş səhnələrinə tamaşa etdilər. Döyüş səhnələri “Cəngi” sədaları ilə müşayyət olunurdu. Daha sonra qonaqlar sərgi ilə tanış oldular. Qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin görkəmli simalarından olan böyük sərkərdə və dahi hökmdar I Şah İsmayılın dövlət quruculuğu və hərbi fəaliyyətinə həsr olunmuş belə bir sərgi İlk dəfədir ki təşkil edilmişdir. Respublikanın elmi-mədəni həyatında əlamətdar hadisə olan sərginin hazırlıq işləri ciddi elmi axtarışlar, geniş bərpa-restavrasiya işləri, yeni tərtibat işlərini tələb etmişdir. Bilavasitə Muzeyin direktoru, akademik Nailə Vəlixanlının rəhbərliyi ilə hazırlanan sərginin kuratoru Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov olmuş, sərginin hazırlanmasında Muzeyin direktor müavini Əli Məhərrəmovun rəhbərlik etdiyi tərtibat qrupu, bərpa laboratoriyası, müxtəlif fondları fəal işləmişlər. Sərgidə 130-dan artıq eksponat – silahlar, pullar, kaşılar, parçalar nümayiş olunur. Sərginin elmi-ekspozisiya planı tərtib edilərkən xronoloji ardıcıllıq metodu əsas götürülmüş, I Şah İsmayılın bioqrafiyasının əsas anlarının əks olunması prinsipinə üstünlük verilmişdir. Azərbaycan Səfəvilər dövlətinin hökmdarı, görkəmli sərkərdə I Şah İsmayılın həyat və fəaliyyətini geniş surətdə əks etdirmək məqsədilə sərgidə 22 informasiya-məlumat paneli, 2 xəritə, 2 portret, 6 iriölçülü banner qurulmuşdur. Panellərdə fotoşəkillər, tablo və sxemlər, eləcə də Azərbaycan, rus və ingilis dilində məlumat təqdim edilir. Sərgidə qurulmuş Azərbaycan döyüşçülərinin tam ölçülü manekenləri tamaşaçıların böyük diqqətinə səbəb olmuşdur. I Şah İsmayılın məhşur qılıncının müasir replikası XVI əsr texnologiyaları üzrə Rusiya dəmirşi-silahqayıran ustaları tərəfindən düzəldilərək sərgidə nümayiş olunur. Bununla belə, sərginin ruhuna cavab verən bir sıra sənət əsərləri də tamaşaçılara təqdim olunur. Burada İlqar Həsənəlizadənin fərdi kolleksiyasında qorunan və I Şah İsmayıla həsr olunan Türkiyəli usta-rəssam Efe Unçu, Azərbaycan heykəltəraş və rəssamları İslam Həsənəlizadənin, Seyran İmanovun, Bənövşə Əliyevanın, Tahir Ələkbərovun işləri təqdim edilmişdir. Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi 2016-cı il dekabrın 15-dək davam edəcək.
Fotoşəkillərə burada baxa bilərsiniz:
https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.