Azərbaycanın mədəni irsinin qorunub saxlanması, nümayiş etdirilməsi, tədqiq və təbliğ olunması, bütün dünyaya çatdırılması missiyası Milli Azərbaycan Tarixi Muzeyinin əsas məqsəd və vəzifələrindən biridir.
Bu istiqamətdə Muzeydə növbəti maarifləndirici klubun açılışı oldu. Klubun ideya müəllifi və layihə rəhbəri Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin elmi işçisi Sahibə Ələkbərovadır. “Gənc muzeyşünaslar və muzeysevərlər” klubunun yaradılmasının məqsədi maddi-mədəni abidələrimizin qoruyucusu olan muzeylər haqqında məlumatı, muzey işi və onun fəaliyyət istiqamətlərini gənc muzeysevərlərə çatdırmaqdan ibarətdir.
Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq klubun yaradılmasının əhəmiyyətindən və Azərbaycanda muzey işinin inkişafından bəhs etdi. O, bildirdi ki, müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi onları dünyada mədəni proseslərin fəal iştirakçısına çevrir. Müasir dövrdə Muzey qloballaşmanın neqativ nəticələrinə qarşı dura bilən, tarixi xatirələri öz divarları arasında saxlamağa qadir olan, mədəni irsi qoruyan mədəniyyət ocağı hesab edilir.
Gələcəkdə muzeylərin ixtisaslı kadrlarla təmin edilməsi, eləcə də ölkəmizdə muzey işinin dünya standartlarına uyğunlaşdırılması məqsədilə onun milli-nəzəri strategiyasının hazırlanmasında hələ qarşıda mühüm vəzifələr durur. Bu baxımdan Nailə xanım gənc nəslə, muzeysevərlərə bu klubun tədbirlərindən maksimum faydalanmalarını tövsiyyə etdi.
Sonra S.Ələkbərova klubun məqsəd və vəzifələrindən danışaraq, məşğələlərin keçirilməsinin şərtləri haqqında iştirakçıları məlumatlandırdı.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Muzeyşünaslıq kafedrası”nın müdiri, dosent Yeganə Eyvazova və dosent Elfira Məlikova-Qurbanova da çıxış edərək muzeyşünaslığın tarixi haqqında ətraflı məlumat verdilər.
Tədbirin sonunda klubun üzvlərinə vəsiqələr təqdim edildi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.