2017-ci il mayın 24-də Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan tarixində almanlar” adlı fotosərginin ictimai açılışı keçirilmişdir.
Fotosərgi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncamına və Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin müvafiq qərarına əsasən uyğun olaraq qurulub.
İctimai açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları, Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Alman - Azərbaycan cəmiyyətinin üzvləri, Azərbaycanda alman koloniyalarının tarixini araşdıran alimlər, Azərbaycan Dövlət Arxivinin əməkdaşları, ali təhsil ocaqlarının müəllimləri, cəmiyyətlər və ictimai təşkilatların üzvləri, KİV nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov sərginin mahiyyəti, tədqiqat prosesində istifadə olunmuş materiallar, sərgidə nümayiş olunan rəsm, fotoşəkil və əşyaların toplanma yolları haqqında müfəssəl məlumat vermişdir.
Daha sonra söz Alman-Azərbaycan cəmiyyətinin sədri, kulturologiya elmləri doktoru, professor Çingiz Abdullayevə verildi. O, Azərbaycan- Almaniya tarixi əlaqələri haqqında məlumat vermiş, multikultural ənənələri ilə seçilən Azərbaycan xalqının tarixində almanlarla münasibətlərin xüsusi yer tutmasını vurğulamışdır.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev çıxış edərək keçmiş alman koloniyalarında son illərdə aparılmış təmir-bərpa işləri, alman mədəniyyətinə məxsus abidələrin qorunması istiqamətində atılan addımlar haqqında ətraflı məlumat vermişdir.
Azərbaycanda yaşamış almanların tarixi ilə bağlı bir neçə dərin elmi tədqiqatların müəllifi, t.ü.f.d. Məmməd Cəfəli XIX əsrdə Azərbaycana köçürülmüş almanların tarixinin ən önəmli anlarından danışmış, azərbaycanlılarla qarşılıqlı hörmət üzərində qurduqları münasibətlərdən məlumat vermişdir.
Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı çıxış edərək Almaniya – Azərbaycan münasibətlərində XIX – XX əsrlərdə Azərbaycanda mövcud olmuş alman koloniyalarının xüsusi yer tutmasını vurğulamışdır. O, qeyd etmişdir ki, din, dil, etnik baxımdan fərqlərə baxmayaraq iki xalq dost münasibətlər qurmuş, əmin-amanlıq şəraitində yaşamışdılar. Azərbaycanı özlərinə ikinci vətən sayan almanlar Azərbaycanın çiçəklənməsi üçün öz səyləri, bilik və bacarıqlarını əsirgəməmişlər.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Azərbaycan xalqının tolerant dünyagörüşü, yaxın-uzaq qonşularla dost münasibtlərdə yaşamaq əzmindən danışaraq məhz bu xüsusiyyətlərin sayəsində ölkəmizdə alman koloniyalarının yaranması, böyüməsi və möhkəmlənməsinin mümkün olmasını qeyd etmişdir.
Daha sonra o, tədbirə toplaşanlara xüsusi qonaqları – vaxtikən Azərbaycanda yaşamış, sonralar isə sovet repressiyalarına məruz qalaraq Azərbaycandan deportasiya olunmuş alman ailələrinin üzvlərini təqdim etdi. Tədbir iştirakçıları bu qonaqları alqışlarla qarşılamışdılar. Onların Azərbaycan, buranın qonaqpərvər, ürəyiaçıq əhalisi haqqında söylədikləri xatirələr tədbir iştirakçılarını çövrəltdi.
Tədbir iştirakçıları sərgiyə dəvət olundular. Fotosərgidə orta əsrlər dövründə Azərbaycanda olmuş alman səyyahları, XIX əsrdə almanların Azərbaycana köçürülməsi, XIX – XX əsrin əvvəllərində Azərbaycanda alman koloniyalarının həyatını əks etdirən materiallar nümayiş olunur. Fotomateriallar onları izah edən müvafiq elmi məlumatla zənginləşdirilmişdir. Sərgidə 140-a yaxın fotoşəkil, müxtəlif illərdə alman təşkilatlarının Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyələri göstərilir.
Tədbir iştirakçılarına muzeyin nəşrlərindən olan “Dost ellərin hədiyyələri” kitabları, həmçinin “İRS-Heritage” beynəlxalq jurnalının son nömrələri paylandı.
Tədbirin sonunda qonaqlar furşetə dəvət edildilər.
Sərgi iyunun 24-dək davam edəcək.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.