19-29 may 2017-ci il tarixlərində AMEA Milli Azərbaycan Tarixi Muzeyi Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d. Nasir Quluzadə AMEA Arxeologiya və Etnoqrafiya istitutunun nəzdində təşkil olunmuş, t.ü.f.d. Xəqani Alməmmədovun rəhbərlik etdiyi “Qarabağ neolit-eneolit dövrü arxeoloji ekspedisiyası”nın qazıntı işlərində iştirak etmişdi.
O, ilk əvvəl Bərdə rayonu Əmirli kəndi yaxınlığındakı Koramaltəpədə aparılan qazıntılara qoşulmuşdu. Daha sonra isə ekspedisiya üzvləri ilə kəşfiyyat səfərinə çıxmışdı. Həmin səfərin əsas məqsədi Tərtər rayonu Evoğlu kəndi ərazisindəki qeydiyyata alınmış təpələrin monitorinqini aparmaq idi. Kəşfiyyat səfəri Hacıalı və Mehdili təpələrinin öyrənilməsi məqsədilə Bərdə rayonu ərazisində də davam etdirilmişdi. N.Quluzadə kəşfiyyat səfərindən sonra yenidən ekspedisiya heyətinin tərkibində Bərdə rayonunun Soğanverdilər kəndi yaxınlığındakı təpələrin öyrənilməsi məqsədilə arxeoloji qazıntı işlərində iştirak etmişdi. Həmin axtarışların əsas hədəfini Yastıtəpə, Soğantəpə və Piyadalartəpəsi adlı qədim yaşayış yerləri təşkil edirdi. N.Quluzadənin elmi ezamiyyət çərçivəsində iştirak etdiyi son qazıntı yeri Xanərəb kəndi yaxınlığındakı Buruqtəpə abidəsi olmuşdu. Burada divar qalığının və ocaq yerinin izlərinə, eləcə də digər saxsı küpün qalıqlarının tapılmasında ekspedisiya üzvlərinə yaxından köməklik göstərmişdi. Radiokarbon analizləri üçün ayrı-ayrı dərinliklərdən sümük qalıqları götürülməsində və qeydiyyat-ölçmə işlərinin aparılmasında fəal iştirak etmişdi. Beləliklə, elmi ezamiyyət çərçivəsində N.Quluzadə Azərbaycanın neolit-eneolit dövrü tarixinin öyrənilməsində faydalı ola biləcək yeni əşyavi mənbələrlə tanış olmuş, elmi məlumatlar toplamış və zəngin təcrübə qazanmışdır.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.