XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 May, 2017
Muzeydə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” adlı növbəti seminar keçirilib

2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Milli Azərbaycan Tarixi Muzeyində bu mövzuda silsilə tədbirlər keçirilir.


Tədbirlər planı ilə əlaqədar bu gün Muzeydə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə “Azərbaycanda xristianlığa multikultural baxış tarixindən” adlı seminar keçirilib. Seminarda H.Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar elmlər liseyinin yuxarı sinif şagirdləri, Muzeyin “Gənc muzeysevərlər və muzeyşünaslar” klubunun və dini icmaların üzvləri, muzey əməkdaşları və b. iştirak ediblər.

Seminarı Muzeyin elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyeva açaraq iştirakçıları salamladı və multikulturalizm mövzusundakı bu cür tədbirlərin maarifləndirici əhəmiyyətini qeyd etdi. Daha sonra Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadov “Azərbaycan mütəfəkkirlərinin xristianlığa multikultural baxışı və türkdilli xristian nəşrləri tarixindən”, t.ü.f.d. Fuad Ağayev “Azərbaycan-Rusiya mədəni əlaqələri tarixindən – XIX-XX əsrin əvvəlləri”, elmi işçi Zülfiyyə Cəlilova “Osmanlıda erməni məsələsi – XIX əsr”, Vineyard Protestan dini icmasının katibi Hacı Zeynaloğlu “Vineyard protestan icmasının tarixindən” və Yevangeliya-Lüteran dini icmasının sədri Vera Nestorova “Yevangeliya-Lüteran dini icmasının tarixi” mövzularında çıxış etmişlər. Natiqlər Azərbaycanda xristianlığa multikultural baxış və multikultural dəyərlər, tolerantlıq ənənələri mövzusunda geniş məlumat vermişlər.   

Tədbirdə bildirilib ki, bu gün Azərbaycan özünün uzun əsrlərin süzgəcindən süzülüb gələn zəngin multikulturalizm modelini dünyaya təqdim etməkdədir. Azərbaycanın bu sahədəki təcrübəsi kifayət qədərdir və qədim tarixə malikdir. Ölkəmizdə kilsə, sinaqoq və məscidlər azad, sərbəst, təhlükəsiz, qarşılıqlı hörmət əsasında, tolerantlıq şəraitində fəaliyyət göstərirlər. Təbii ki, belə bir mühit Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət və xalqımızın unikal daxili birgəyaşayış mədəniyyətini həyat tərzinə çevirməsi nəticəsində formalaşıb.

Tədbirin sonunda mövzu haqqında müzakirələr aparılıb və iştirakçıların sualları ətraflı cavablandırılmışdır. 

FLICKR

YOUTUBE

FACEBOOK