XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 Aprel, 2016
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində I Şah İsmayıla həsr olunmuş sənət əsərləri də nümayiş olunacaq

Xəbər verdiyimiz kimi, AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanır.


Sərgidə 130-a yaxın eksponat tamaşaçıların diqqətinə təqdim olunacaq, onların əksəriyyəti ilk dəfədir ki, nümayiş olunur. Həmiçinin dünya muzeylərində qorunan və Şah İsmayıl dövrünə aid eksponatların 7 mulyajı, 100-ə yaxın fotoşəkli də sərgilənəcək.

 

Bununla belə, sərginin ruhuna cavab verən bir sıra sənət əsərləri də tamaşaçılara təqdim olunacaq.

Onlar sırasında “XVI əsr Səfəvi döyüşçüsü” suvenir fiquru xüsusi maraq doğurur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyəsi olan bu fiqur olduqca dəqiq işlənmiş, orta əsr Azərbaycan döyüşçüsünün silah və ləvazimatlarını dəqiq əks etdirir. Qeyd etmək lazımdır ki, fiqur öz oxu ətrafında fırlanan podium üzərində nümayiş olunur. 

Sərgidə həmçinin gənc heykəltəraş İslam Həsənəlizadənin müəllifi olduğu və modern üslubda işlədiyi “Atlı qızılbaş”, “Şah İsmayıl ilə Əli Malkuçoğlu arasında döyüş” kiçik heykəlləri, rəssam Seyran İmanov tərəfindən orta əsr Təbriz miniatür üslubunda işlənmiş “Çaldıran döyüşü” rəsmi sərgilənəcək.

 

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/