XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 Dekabr, 2017
Muzeydə növbəti açıq dərs keçirildi
Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi olaraq məktəblilər və tələbələr üçün açıq dərslər keçirilir. Belə ki, növbəti açıq dərs Şuşa şəhər Malıbəyli kənd 1 nömrəli tam orta məktəbin X sinif şagirdləri ilə keçirildi. Dərs, tarix müəllimi Aynur Zeynalova tərəfindən aparıldı. Dərsin mövzusu “Girdiman dövləti, Cavanşir” idi. Müəllim dərsin gedişi zamanı şagirdləri 5 qrupa böldü. Hər qrup mövzu ətrafında sualları ətraflı cavablandırdı və müəllim tərəfindən mövzuya uyğun hazırlanmış hədiyyələrlə mükafatlandırıldılar. Açıq dərs Ulu Öndərin Anım gününə həsr olunmuş qısa metrajlı filmlə başa çatdı. Münsiflər qismində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları - Xarici əlaqələr və elmi kütləvi iş şöbəsinin aparıcı elmi işçisi Nardanə Yusifova və elmi işçi Ləman Musayeva iştirak etdilər. Onlar mövzu haqqında fikirlərini söyləyərək, qeyd etdilər ki, bu səpkili dərslərin Muzeydə keçirilməsi məktəblilərin tariximiz, soykökümüz haqqında bilgilərini artırır, Muzey - məktəb vəhdətini dərinləşdirir. Sonda məktəbin direktoru Günəş Hüseynova, tarix müəllimi Aynur Zeynalova onlara belə şərait yaratdığına görə Muzeyin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər və məktəblilər Muzeyin ekspozisiya zalları ilə tanış oldular.