AMEA Milli Azərbaycan Tarixi Muzeyində şəhid Elçin Baxşəliyevin anım tədbiri keçirilmişdir.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, o cümlədən, şəhidin ailə üzvləri və cəbhə yoldaşları, media işçiləri iştirak etmişdirlər. Tədbir iştirakçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan etdi. Akademik şəhid E.Baxşəliyevin ailəsinə baş sağlığı verərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin əziz tutulması və gənc nəsillərin də qəhrəmanlarımızı tanımalarının vacib olduğunu bildirdi. Daha sonra şəhidin şücaətindən, döyüş yolundan danışıldı.
E.Baxşəliyev 29 dekabr 1965-ci ildə Ağdamın Boyəhmədli kəndində anadan olmuşdur. Qarabağ hadisələri kəskin şəkil aldığı vaxt Boyəhmədli kəndində könüllü özünümüdafiə batalyonu yaradılmışdır. E.Baxşəliyev də həmin batalyonun üzvü olaraq 11 sentyabr 1992-ci ildə Paprəvənd kəndi ətrafında gedən döyüşlərdə yaralanmışdır. Lakin o, doğma kəndini işğalçılara tərk etməyi qeyrətinə sığışdırmamış və 20 iyul 1993-cü ildə qəhrəmancasına həlak olmuşdur.
Sonda şəhid E.Baxşəliyevin ailəsi tərəfindən Muzeyə onun materialları (rəsm əsərləri, hərbi xidmətdə olduğu fotoları və s.) təqdim olunmuşdur.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.