AMEA Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin və Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan milli geyimləri olduğu kimi” sərgisinin açılışı keçirilib.
Sərgini Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı açıq elan edərək milli geyimlərimizə həsr olunan sərginin əhəmiyyətindən danışdı. Sonra sərgidə təqdim olunan geyimlərin müəllifi, sənətşünaslıq üzrə elmlər doktoru Səbirə Dünyamalıyeva geyimlərin dövrlər, bölgələr üzrə hazırlanma texnologiyası haqqında qonaqlara ətraflı məlumat verdi. Onun Azərbaycan, Gürcüstan və İrandakı muzey və kolleksiyalarda apardığı tədqiqatlar nəticəsində XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda mövcud olmuş geyim növlərinin norma və qaydaları müəyyən edilmiş, onların əsasında milli geyim standartları tərtib edilmişdir. Sərginin kuratoru, Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov da tədbirdə çıxış edib. O, sərginin təşkil edilməsinin məqsəd və mahiyyətindən bəhs edərək mədəni irsimiz olan milli geyimlərimizin yaranma tarixi haqqında məlumat verdi.
Sərginin əsas məqsədi qloballaşan dünyada Azərbaycan mədəniyyətinin qorunub saxlanmasına və gələcək nəsillərə təhrifsiz ötürülməsinə kömək etməkdir.
Bir sıra xeyriyyəçi həmvətənlərimizin maliyyə dəstəyi və Milli Təhsil Texnologiyaları Mərkəzinin dəstəyi ilə milli geyim standartlarına uyğun olaraq, ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi və qadın geyim dəstləri tikilmişdir.
Sərgidə milli geyimlərlə bərabər Muzeyin kolleksiyasında olan tarixi fotoşəkillər, eləcə də müvafiq məlumatlar təqdim olunur.
Sərgidə nümayiş olunan materiallar Muzey tərəfindən nəşr olunmuş müvafiq kataloqda əks olunmuşdur.
Sonda Azərbaycan milli geyimlərinin öyrənilməsinə və təbliğinə töhfə verənlərə, sərgidə təqdim olunan geyimlərin hazırlanmasına, eləcə də tədbirin təşkilinə maddi və mənəvi dəstək göstərənlərə təşəkkürnamələr təqdim edildi.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.