İyulun 7-də “Naxçıvan” Universitetində “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın plenar iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvanın türk-islam mədəniyyəti abidələri: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təşkilatçılara təşəkkür edib, qonaqları salamlamışdır. Ali Məclisin Sədri Naxçıvanın türk-islam mədəniyyəti abidələrinin öyrənilməsi ilə bağlı keçirilən beynəlxalq konfransı Azərbaycan və islam tarixşünaslığına mühüm töhfə kimi dəyərləndirib, konfransa öz işində uğurlar arzulayıb.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı“Naxçıvanın türk-islam maddi-mədəniyyətinin təşəkkülünə dair: yeniliklər və ənənələr” mövzusunda çıxış edərək deyib ki, son illər Naxçıvanda mindən artıq müxtəlif təyinatlı abidə qeydə alınıb, milli-mədəni irsimizi yaşadan əsərlər, xüsusilə “Naxçıvan abidələri ensiklopediyası” nəşr olunub. Muxtar respublika ərazisindəki abidələrin xeyli hissəsi müsəlman dövrü abidələridir. Türk-islam mədəniyyəti əsrlər boyu böyük türk dünyasının, eləcə də azərbaycanlıların inkişafına güclü təsir göstərən mühüm amil olub. Naxçıvanın islamı qəbul etmiş əhalisinin bu mədəniyyətin daşıyıcıları kimi çıxış etmələri regionun maddi-mənəvi həyatında da tədricən yeni dövrün, türk-islam mədəniyyəti dövrünün başlanmasına rəvac verib. İslamın qərarlaşma prosesinin başlandığı və nəhayət başa çatdığı zaman kəsiyinə aid abidələrin üzərindəki süjetlərdə əski türk inancları və ənənəvi dini təsəvvürləri ilə bağlı müxtəlif rəmzlər öz əksini tapmışdır. Sonrakı dövrün abidələrində isə yerli türk ideoloji ənənələrinin islam dəyərlərinə xas olan ənənələrlə qovuşduğu görünür. Bu mənada Naxçıvandakı türk-islam mədəniyyəti abidələrində rəmzləşən elementlər həm də milli ideologiyamızın əsas daşıyıcıları kimi qəbul olunmalıdır. Nailə Vəlixanlı Naxçıvanın tarixinə, abidələrinin tədqiq olunmasına və bərpasına göstərdiyi diqqətə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Plenar iclasda Ərzurum Universitetinin Sənətşünaslıq kafedrasının müdiri, professor Hüseyn Yurttaş “Naxçıvan məzar abidələrinin türk sənətində yeri”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Abidələrin Bərpası Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Qiyasi “Еldənizlərin paytaxtı Naxçıvan və Atabəylər Komplеksi”, Təbriz Sənət Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Bəhram Acarlı “Naxçıvan və Marağa Memarlıq Məktəbinin abidələri”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvanın türk-islam abidələri tarixi qaynaqlarda” mövzularında çıxış etmişlər.
Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan: türk-islam mədəniyyəti abidələri” televiziya filminə baxış olub.
Beynəlxalq konfrans öz işini bölmə iclaslarında davam etdirib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Ekspozisiyanın təhlükəsizliyi üzrə direktor müavini t.ü.f.d. Həbibə Əliyeva və Muzeyin Xüsusi fond müdiri t.ü.f.d. Afət Rüstəmbəyova da iştirak etmişlər.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.