XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Avqust, 2017
Sərgiyə hazırlıq çərçivəsində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Hərbi Muzeydə tədqiqatlar aparır
Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinin hazırlıq işləri davam edir. Bu işlər çərçivəsində Muzeyin Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov İstanbul şəhərindəki Hərbi Muzeydə (Askeri Müze) tədqiqatlar aparır. Məlumdur ki, Muzeyin kolleksiyasında Azərbaycanın Ağqoyunlu, Səfəvilər və Şirvanşahlar dövlətlərinə aid unikal eksponatlar qorunur. Şirvanşahlar dövlətinə aid eksponatlar sırasında dövlət başçıları Keykubad, I Xəlilullah və Fərrux Yasara aid silahlar xüsusi yer tutur. Muzeydə şirvanşahların “cövşən” növünə aid yaraqları, həmçinin “tülbənd” növünə aid dəbilqələri mövcuddur. Eyni zamanda Azərbaycanın dünya muzeylərinin fondlarında qorunan yeni eksponatların müəyyən olunması istiqamətində də araşdırmalar davam edir. Xatırladaq ki, Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” sərgisinin açılışı bu ilin payızına planlaşdırılmışdır. Sərgidə dövlətin çoxəsrlik tarixini, yüksək inkişaf səviyyəsinə çatmış iqtisadiyyatını, unikal sənətkarlığını, zəngin mədəniyyətini əyani olaraq görməyə imkan verən eksponatlar nümayiş olunacaq.