XƏBƏRLƏR
02 Avqust, 2017
Muzeyin qocaman numizmat alimini təbrik edirik!
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi fond şöbəsinin müdiri, görkəmli numizmat, tarix üzrə elmlər doktoru, professor Əli Məhəmməd oğlu Rəcəblinin 90 yaşı tamam olub.
O, 1927-ci il avqustun 2-də Zaqatala rayonunun Göyəm kəndində anadan olmuşdur. Əli Rəcəbli 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
Əli Rəcəbli görkəmli numizmat alim Yevgeni Paxomovun məsləhəti və Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru S.Qazıyevin təklifi ilə “numizmatika” ixtisası üzrə respublikada ilk aspirant olaraq Muzeyin aspiranturasına daxil olmuşdur.
Həmin illərdə Muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli numizmatik materiallarla yaxından tanış olaraq, həm də elmi rəhbəri Y.Paxomovun rəhbərliyi altında elmi tədqiqat mövzusunu araşdırmağa nail oldu.
1953-cü ildən Muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli müəllim, 1963-cü ildə 07.00.06 – “Arxeologiya” ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Milli Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, habelə respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə edən Əli Rəcəbli 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilmişdir.
Dəfələrlə Muzey müdiriyyəti, AMEA-nın Rəyasət Heyəti, Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürlər almış Əli müəllim muzeydə böyük elmi işçi vəzifəsində çalışdığı 1972-ci ildə “əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür.
1968-ci ildən hal-hazıradək Muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri vəzifəsində işləyən Əli müəllim həm də pedaqoji fəaliyyət göstərərək respublikamızın bir sıra ali təhsil ocaqlarında (BDU, LDU, ADMİU) “Tarixə yardımçı fənnlər”, “Azərbaycan numizmatikası” və sair fənnlər üzrə mühazirələr etmiş, bir sıra metodik tövsiyyələrin, dərs proqramlarının müəllifi olmuşdur.
Onun müəllifliyi ilə 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi dəyərli və təcrübi əhəmiyyətli əsərlərdəndir.
2000-ci ildə 07.00.06 – “Arxeologiya”, 07.00.02 – “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilmiş 100-dən artıq yerli və xarici elmi məqalələrin müəllifidir.
Bir sıra aspirant və dissertanların işlərinə rəhbərlik edən, doktorluq və namizədlik dissertasiyalarına opponentlik edən, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü olan Əli Rəcəbli həm də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) ekspertidir.
2006-cı ildə AAK-ın qərarı ilə professor elmi adına layiq görülmüş Əli müəllim, 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Onun uzun illər boyu apardığı elmi axtarışları və numizmatika fondunda toplanmış faktik material əsasında yazdığı “Azərbaycan qədim və ortacağ sikkələri”, “Azərbaycan sikkələri” “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi”, “Şirvanşahlar dövlətində sikkə zərbi”, “Qafqaz pulları” kitab-albomlarında Azərbaycan numizmatikası layiqli şəkildə təmsil edilmişdir.
Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə AMEA Rəyasət Heyətinin qərarı ilə 2017-ci ildə A.A.Bakıxanov adına mükafatın laureatı adına layiq görülmüşdür.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin müdiriyyəti və bütün kollektivi adından t.ü.e.d., prof. Əli Rəcəblini 90 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və yeni uğurlar arzulayırıq.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...