XƏBƏRLƏR
25 Oktyabr, 2017
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qılınc kolleksiyası
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyaları arasında qılınc nümunələrinin öz payı vardır. Azərbaycanın qədim dövr hərb sənətinin öyrənilməsində qiymətli məxəz rolunu oynayan həmin qılınclar bu gün də silahşünas tədqiqatçıların diqqətini özünə cəlb edir. İndiyədək Azərbaycanda aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilmiş qılıncların bəzi nümunələri Arxeologiya fondunda saxlanılır. Arxeologiya fonduna daxil olmuş qılınc nümunələrinin ümumi sayı təqribən 50-dən çox olub, Çovdar, Əmirvar, Uzuntəpə, Qaracəmirli, Torpaqqala, Mingəçevir, Nüzgər və digər abidələrdən tapılmışlar. Onlardan 14 ədədi Muzeyin ekspozisiyasında nümayiş olunur.
Muzeydəki qılınc nümunələrinin dövrünə gəldikdə isə, onların hər biri tuncun son mərhələlərindən başlayaraq inkişaf etmiş orta əsrlərədək davam edən uzun zaman kəsiyinin ayrı-ayrı dövrlərini təmsil edirlər. Qılınclar təmsil etdikləri dövrlərdə üzbəüz döyüş üçün əlverişli və etibarlı hücum silahlarından biri olmuşlar.
Konkret olaraq qılıncların formalarına gəldikdə, onlar məkanına və zamanına görə fərqlənirlər. Belə ki, Xocalı-Gədəbəy mədəniyyətinə aid Cənibi Qafqaz tipli qılınclar öz formasına görə Talış-Muğan mədəniyyətinə aid qılınclardan kəskin fərqlənirlər. Xocalı-Gədəbəy mədəniyyətinə aid qılınclar üçün bütünlüklə tökmə olmaları və enli tiyələr səciyyəvidir. Tiyələr yuxarıdan aşağıya doğru daralır. Onların hər iki tərəfdən üzərində yuxarıdan aşağıya bir-birinə paralel 4-8 sıra düz novçalar salınırdı. Bu novçaların qılınca capma zamanı möhkəmlik verilməsi və ya qanın axmasının təmin edilməsi üçün salındığı ehtimal olunur. Bəzən tiyənin yuxarı hissəsində zoomorf təsvirlər də zərb edilirdi. Dəstək hissələrinə gəldikdə isə ağac və sümüklə inkrustasiya olunurdu. Dəstəyin yuxarı hissəsi şəbəkəli naxışlarla bəzədilmiş yarımkürə ilə tamamlanır. Onların uzunluqları 60-70 sm arasında dəyişir. Bundan başqa bu tip qılınclarda tiyələrinin ucu yarımdairəvidir. Belə qılınclar daha çox çapma üçün yararlıdır. Fondda onların Mingəçevirdən, Xaçbulaqdan, Nüzgərdən və Əmirvardan tapılmış nümunələri saxlanılır.
Milli Azərbaycan Tarixi Muzeyində saxlanılan qılınclar arasında Talış-Muğan mədəniyyətinə aid nümunələr də yer almışdır. Dəstəyinin başlığı yəhərvari olan qılıncların əksəriyyəti Uzuntəpə abidəsindən məlumdur. Həmin qılınclar İshaq Cəfərzadə tərəfindən iki qrupa ayrılmışdır: 1) həm dəstəyi, həm də tiyəsi tuncdan olanlar; 2) tiyəsi dəmir, dəstəyi isə tunc olanlar. Arxeoloq Fərman Mahmudov dəstəyi yəhərvari başlıqlı qılıncların ilk dəfə Muğanda formalaşdığını nəzərə alaraq onların Muğan tipli adlandırılmasını təklif etmişdir. Uzuntəpə-Muğan tipli tunc dəstəli dəmir qılınclar Çaylı və Dovşanqoludan da məlumdur. Bu tip qılınclar tunc və ya ağac qınlara qoyulurdu. Məsələn, Qazaxbəylidə IV qəbirdən əldə edilmiş uzunluğu 73 sm olan tunc dəstəli və dəmir tiyəli qılınc aşağısı tunc, yuxarısı dəri və ya ağacdan olan qının icinə qoyulmuşdur.
Muzeyin son tunc dövrü qılınc kolleksiyaları arasında Ön Asiya tipli qılıncların da xüsusi payı vardır. Bu qılınclar say baxımından azlıq təşkil etsələr də, forma baxımından əvvəlkilərdən kəskin fərqlənirlər. Bu qılınclar üçün kiçik uzunluq və dəstəklərindəki dəlik səciyyəvidir. Belə bir nümunə Qaracəmirli abidəsindən məlumdur.
Əvvəlki dövrlərdən fərqli olaraq antik dövrün hərb işində daha çox dəmir qılınclardan istifadə olunmuşdur. Bunu arxeoloji tapıntılar da sübut edir. Mingəçevirdən, Şamaxıdan, İsmayıllıdan, Çuxuryurddan və başqa yerlərdən tapılan qılınclar dəmirdəndir. Bu qılıncların tiyələri ensiz və uzun, ucları sivridir. Bəzisində ağac və ya sümük bəzəyinin izləri vardır. Üzünə dəri çəkilmiş qınlar da qalmışdır. Qılıncların bir qisminin dəstəyi halqavari çıxıntı ilə tamamlanır. Belə qılınclardan biri Muzeyin ekspozisiyasında nümayiş olunur. Halqaşəkilli başlıqları olan həmin qılınclar Qara dənizin şimal sahillərindən Çinə qədər çox böyük bir ərazidə geniş yayılmışdı. Bu tip qılıncların Qafqaz Albaniyasına sarmat tayfaları vasitəsilə gətirildiyi ehtimal olunur. Erkən orta əsrlərin hərb işində də dəmir qılınclara üstünlük verilmişdir. Bunu Torpaqqala abidəsindən tapılan qılınc da təsdiq edir.
Beləliklə, Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji qılıncları təmsil etdikləri dövrün və bölgənin hərb sənəti ilə yanaşı, onları yaratmış ustaların metalişləmə sahəsindəki bacarıq və təcrübələri haqqında da dolğun təsəvvür yaradır.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...