XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
27 Oktyabr, 2017
Muzeydə “Duyğularımın rəngi” adlı sərginin açılışı olacaq
Milli Azərbaycan Tarixi Muzeyi mütəmadi olaraq elmi-kütləvi və maarifləndirici tədbirlər təşkil edir. Bu missiyanı layiqincə həyata keçirən muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin əməkdaşları bu dəfə sağlamlıq imkanları məhdud gənclərin əl işlərindən ibarət sərginin təşkilini planlaşdırır. “Duyğularımın rəngi” adlı sərginin Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi ilə birlikdə keçirilməsi nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində istedadlı gənclərin əl işlərindən ibarət sərginin təşkil edilməsi, muzeyin mütəxəssisləri tərəfindən mühazirələrin keçirilməsi, muzeylə əməkdaşlıq edən orta və ali məktəblərin tələbə və şagirdləri ilə bu gənclərin görüşlərinin həyata keçirilməsi düşünülür. Muzeyin rəhbərliyi ilə Mərkəzin direktoru Rəhilə Həsrətova və nümayəndələri arasında “Duyğularımın rəngi” adlı sərginin hazırlıq işləri, plan və proqramının müzakirəsi aparılıb. Proqramda gənclər üçün muzeydə ekskursiya aparılması, musiqi nömrələri və s. nəzərdə tutulub. Bu kimi tədbirlərin keçirilməsi, sağlamlıq imkanları məhdud uşaqların istedad və bacarıqlarının ictimaiyyətə təqdim olunması onların gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında böyük əhəmiyyət kəsb edir. Milli Azərbaycan Tarixi Muzeyində 03 noyabr 2017-ci il tarixində “Duyğularımızın rəngi” adlı sərginin açılışı olacaq.