XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Oktyabr, 2017
Muzeyin alqi-satqı komissiyasının protokolları əsasında Numizmatika Fonduna yeni materiallar daxil olmuşdur
Zaqatala bölgəsində aşkarlanmış Şirvanşahların gümüş dirhəmlərindən ibarət dəfinənin bir hissəsi Muzeyə daxil olmuşdur. Muzeyin numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.e.d., prof. Əli Rəcəblinin təyinatına əsasən, sikkələr şirvanşah V Məhəmməd (981-991; foto 1) və III Yəzidin (991-1027) zərbinə mənsubdur. Şəxsi kolleksiyadan alınmış daha bir unikal sikkə - şirvanşah Qubadın (1043 – 1049; foto 2) adından kəsilmiş gümüş dirhəm Azərbaycan tarixinin qaranlıq səhifələrindən birini işıqlandıran tarixi fakt olaraq əhəmiyyət kəsb edir. Gəncə bölgəsində tapılmış Elxani gümüş dirhəmlərindən (XIII əsrin sonu – XIV əsrin əvvəli) ibarət dəfinənin və həmin ərazidə tapılmış Ağqoyunlu gümüş təngələrindən (XV əsrin II yarısı) ibarət dəfinənin natamam hissələri tarixi qaynaq və topoqrafik amil kimi dəyərlidir.