XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Noyabr, 2017
Qazaxıstanlı akademik Aynabek Ospanov və nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib
Milli Azərbaycan Tarixi Muzeyi xarici qonaqları daim özünə cəlb edir. Belə ki, bu gün Qazaxıstan Respublikası Təsviri İncəsənət Muzeyinin direktoru, akademik Aynabek Ospanov və nümayəndə heyəti Milli Azərbaycan Tarixi Muzeyində olublar. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları qarşılayaraq, onları muzeydə görməyindən məmnun olduğunu bildirib. Görüşdə hər iki ölkənin muzeyləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələri, gələcəkdə səyyar sərgilərin təşkili ilə bağlı planlar müzakirə edilib. Müzakirədə həmçinin, türkdilli xalqların tarixindən, muzey işindən, mədəni irsin mühafizəsi problemlərindən söz açılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonra qonaqlar muzeyin ekspozisiyasına və görkəmli xeyriyyəçi H.Z.Tağıyevin xatirə muzeyinə ekskursiya ediblər. Qazaxıstanlı qonaqlar muzeyin fond və bərpa laboratoriyasının iş təcrübəsi ilə də yaxından tanış olublar. Sonda Aynabek Ospanov muzeyə öz əl işi olan rəsm əsərini və Qazaxıstan Respublikası Təsviri İncəsənət Muzeyinin fəaliyyətini əks etdirən buklet, kitabları təqdim edib. N.Vəlixanlı da qonaqlara muzeyin nəfis incilərini – kataloqlar, buklet və bröşürlərini hədiyyə edib. Qeyd edək ki, bu görüş hər iki ölkənin maddi-mədəni irsinin inkişafında, bərpa və restavrasiya sahəsində yeni təcrübələrin əldə edilməsi işində mühüm əhəmiyyətə malikdir.