XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Noyabr, 2017
Muzeyin Numizmatika Fonduna yeni material daxil olub
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondu müntəzəm olaraq yeni materiallarla zənginləşir. 2017-ci ildə Şamaxı şəhərindən 35 kilometr şimali-qərbdə, dəniz səviyyəsindən təqribən 1800 metr yüksəklikdə, Dəmirçi kəndinə məxsus yaylaqda yeni arxeoloji abidə - daş qutu qəbirlərdən ibarət Dəmirçi nekropolu aşkar olunmuşdur. Dəmirçi ekspedisiyasının üzvləri tərəfindən öyrənilən daş qutu qəbirlərin zəngin və rəngarəng çeşidli maddi-mədəniyyət nümunələri arasında sikkələr tapılmışdır. Ekspedisiyanın üzvləri - AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “İlk orta əsrlər arxeologiyası” şöbəsinin əməkdaşları t.e.d. Qafar Cəbiyev və t.ü.f.d. Elmira Abbasova sikkələri Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə olaraq təhvil vermişdirlər. Muzeyin Tarixi Əşyaların Fond-Satınalma Komissiyasının qərarı ilə Numizmatika Fonduna daxil olan bu sikkələr arasında Sasani hökmdarı II Bəhrama (274-293) aid gümüş drahma erkən orta əsrlərdə Azərbaycanın pul təsərrüfatının tədqiqində xüsusən maraqlıdır.