XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
11 Dekabr, 2017
Milli Azərbaycan Tarixi Muzeyinin ən qədim eksponatı
Milli Azərbaycan Tarixi Muzeyi Vətənimizin qədim tarixi və zəngin mədəniyyətini özündə ehtiva edən çoxsaylı kolleksiyalara malikdir. Həmin kolleksiyalar arasında paleontoloji kolleksiyanın özünəməxsus yeri vardır. Bu kolleksiyanın ən qədim nümunəsi isə daşlamış ağac qalığıdır. Uzunluğu 52,5, eni isə 12 sm. olan bu qalıq ekspozisiyanın daimi eksponatıdır. Azərbaycanlı geoloqlar tərəfindən Şamaxı rayonu ərazisində Maykop çöküntüləri təbəqəsindən tapılaraq götürülmüşdür. Olihosen və alt miosen geoloji dövrlərini əhatə edən həmin təbəqə təqribən 33,9-23 milyon il bundan qabaq formalaşmışdır. Göründüyü kimi daşlamış ağacın yaşı milyon illərlə hesablanır. Bu qədim paleontoloji eksponat 2000-ci illərin əvvəllərində AMEA Coğrafiya İnstitutunun sabiq direktoru, akademik Budaq Budaqov tərəfindən Muzeyə hədiyyə edilmişdir. Hazırda bu ağac qalığı ekspozisiyanın “Pleystosen dövrünün təbii şəraiti” adlanan vitrində digər paleontoloji nümunələrlə birgə nümayiş etdirilir və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanır.