XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Dekabr, 2017
Muzey tarixi sikkələri xilas etmişdir
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları daim muzey kolleksiyalarının zənginləşməsi istiqamətində çalışırlar. Belə ki, Muzeyin elmi işçisi Ləman Musayeva sosial şəbəkələrin birində İmişli rayonunun Oruclu kəndində sikkə ilə dolu bir küpün təsadufən tapılması xəbərinə diqqət yetirmişdir. L.Musayeva bu məlumatı verən İmişli sakini Aygün Nəsirovanın - bununla bağlı hara müraciət edilməli? - sualını da cavablandırmışdır. L.Musayeva İmişli Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əli Əhmədov ilə əlaqə saxlayıb, həmin tapıntı barəsində ona məlumat vermişdir. Ə.Əhmədov dərhal bununla maraqlanacağına dair söz vermişdir. Əldə olunan məlumata görə təsadüfən tapılan həmin küp bilgisizlikdən kənd uşaqlarının əlində oyuncağa çevrilmiş, sikkələr isə aralıqda itib-batmışdır. Tapıntı haqqında sosial şəbəkədə məlumat yayan A.Nəsirova həmin sikkələrdən ikisinin onda olduğunu bildirmiş, sikkələri İmişli Tarix-diyarşünaslıq Muzeyinin direktoru Ə.Əhmədova təhvil vermişdir. Ə.Əhmədov tərəfindən bu gün Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilən o sikkələr Muzeyin Elmi-fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova tərəfindən təmizlənməsi üçün aidiyyatı üzrə yönləndirilmişdir. Beləliklə, sikkələr məhv olmaqdan xilas olmuş, elmi tədqiqata cəlb olunmuşdur. Həmçinin M.Zeynalova İmişli Tarix-diyarşünaslıq Muzeyinin direktoru Ə.Əhmədova göstərdiyi həssasiyyətdən və operativlikdən dolayı təşəkkür etmişdir. Muzey olaraq bu cür hallara biganə yanaşmayan vətəndaşlarımızı təqdir edirik və izləyicilərimizdən xahiş edirik ki, bənzər vəziyyət ilə qarşılaşdıqda rayon tarix-diyarşünaslıq muzeylərinə və yerli polis orqanlarına müraciət etsinlər.