XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
13 Dekabr, 2017
Muzeydə yeni unikal eksponatların təqdimatı keçirilib
13 dekabr 2017-ci il tarixində Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında yeni unikal eksponatların təqdimatı keçirilib. Tədbirdə Muzey ictimaiyyəti, xalça üzrə aparıcı mütəxəssislər və KİV nümayəndələri iştirak etmişdirlər. Təqdimatı giriş sözü ilə açan Muzeyin direktoru, akademik Nailə Vəlixanlı gələn qonaqları salamladı. O, bildirdi ki, bu gün Muzey üçün əlamətdar günlərdən biridir. Tarix boyu İsrail və Azərbaycan xalqlarının mədəni-mənəvi yaxınlığı iki ölkə arasında əlaqələrin inkişafına daim təkan vermişdir. Hal-hazırda hər iki ölkədə yaşayan azərbaycanlı və yəhudi icmaları öz ictimai fəallığı ilə bu əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edirlər. İsraildə yaşayan həmvətənlərimizdən biri, 20 il bundan əvvəl Azərbaycandan köçmüş Bakı sakini Rauf Şalikoyeviç Zarbailov Milli Azərbaycan Tarixi Muzeyinə Azərbaycanın maddi mədəniyyət nümunələrindən olan Qarabağ və Cənubi Azərbaycan xalçalarını, miniatür rəsm əsərlərini və albom hədiyyə etmişdir. Azərbaycan xalqının milli mədəniyyətini və incəsənətini əks etdirən yun xalçalar XIX əsr və XX əsrin əvvəllərinə aiddir. Miniatür rəsm əsərlərinin üzərində döyüş səhnəsi, qarı və uşaq təsvirləri vardır. Materiallar Muzeyin Etnoqrafiya, eləcə də Hədiyyələr və xatirə əşyaları fondlarına təhvil verilmişdir. Sonra Muzeyin Elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova çıxış etdi. O, yəhudi həmvətənimizin bu əməlinin təqdirəlayiq olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, Rauf Zarbailov Azərbaycandan uzaqda olsa da, Vətən tarixi, mədəniyyəti ilə maraqlanır və onun inkişaf etdirilməsi üçün əlindən gələni əsirgəmir. Təqdim olunan bu materiallar Muzeyin fondlarında, ekspozisiyasında layiqli yerlərini tutacaq. Daha sonra “Nur Art House” qalereyasının təsisçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, Azərbaycan Milli İncəsənət Muzeyinin Elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xədicə Əsədova və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova Muzeyin əldə etdiyi yeni eksponatlar haqqında dəyərli fikirlərini söyləmiş, bu qiymətli hədiyyələr münasibətilə akad. Nailə Vəlixanlını səmimi-qəlbdən təbrik etmişdirlər. Muzeyin Etnoqrafiya elmi şöbəsinin müdiri, t.ü.f.d. Gülzadə Abdulova və Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Qənirə Məmmədova hədiyyə olunmuş xalçalar barəsində ilkin məlumatları tədbir iştirakçılarına çatdırdılar. Belə ki, onlardan birinin XIX əsrə aid Qarabağın Malıbəyli xalçası, digərinin isə XX əsrin əvvəllərinə aid Cənubi Azərbaycan ustalarının əl işi olduğunu qeyd etmişdirlər. Sonra tədbir iştirakçıları muzeyə verilən materiallarla tanış olublar.