XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
20 Dekabr, 2017
Muzeydə təltifetmə mərasimi və film nümayişi olmuşdur
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Hacı Zeynalabdin Tağıyev” klubunun məşğələlərində cari ildə fəallığı ilə seçilən üzvlərinin təltif etmə mərasimi və Muzeyin “Tarixə səyahət” adlı kinoklubunda “ARB Aran” yaradıcılıq mərkəzinin istehsalı olan, XIX – XX əsrin əvvəllərində yaşamış Azərbaycanın görkəmli sahibkar və mesenatlarına həsr olunmuş filmin ilk dəfə nümayişi keçirilmişdir. Tədbirdə tarixçilər, incəsənət nümayəndələri, könüllü ictimai fəallar, məktəblilər və tələbələr, KİV nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov açaraq, tədbir iştirakçılarını salamlamışdır. Sonra o, Muzeydə 2013-cü ildən fəaliyyət göstərən Azərbaycanın görkəmli sahibkar və mesenatı Hacı Zeynalabdin Tağıyevin (1838-1924) adını daşıyan Klubun fəaliyyəti haqqında məlumat vermişdir. Klubun əsas vəzifəsinin bu dahi şəxsiyyətin həyat və fəaliyyətini araşdırmaq, onun əməlləri ilə bağlı qaranlıq səhifələri açmaq olduğunu bildirmişdir. Həmçinin ona və ailəsinə məxsus sənəd və əşyaları toplamaq, eləcə də görkəmli xeyriyyəçinin fəaliyyətini Azərbaycanda və vətənimizin hüdudlarından kənarda təbliğ etmək olduğunu vurğulamışdır. Daha sonra Klubun məşğələlərində cari il ərzində fəallığı ilə seçilən üzvlərin təşəkkürnamə və sertifikatla təltifetmə mərasimi baş tutdu. Təltifetmə zamanı Klub üzvləri Muzeyin rəhbərliyinə və Klubun mühazirəçilərinə öz təşəkkürlərini bildirdilər. Onu da qeyd edək ki, cari il ərzində “H.Z. Tağıyev” klubunun məşğələlərində Bakı şəhəri və onun ətraf rayonlarından yüzdən çox məktəbli iştirak etmişdir. Tədbir Muzeyin “Tarixə səyahət” kinoklubunda “ARB Aran” yaradıcılıq mərkəzinin istehsalı olan filmin təqdimetmə mərasimi ilə davam etdi. Belə ki, bədii rəhbəri Tahir Tahiroviç, ssenari müəllifi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, rejissoru Murad Muradov, icraçı prodüseri Qənirə Qurbanlı, baş prodüseri İqbal Məmmədəliyev olan film üç hissədən – H.Z.Tağıyevə həsr olunmuş “Əfsanə”, M.Nağıyevə həsr olunmuş “Əliaçıq xəsis” və M.Muxtarova həsr olunmuş “Ölməz Murtuza” əsərlərindən ibarətdir. Çıxış edən Tahir Tahiroviç film barədə məlumat verərək bildirdi ki, bu ekran əsərinin çəkilməsi önəmlidir. Azərbaycan tarixinin önəmli səhifələrindən olan xeyriyyəçi sahibkarlar və mesenatların fəaliyyətini geniş ictimaiyyətə təqdim etmək, tanıtdırmaq məqsədi daşıyır. O, bu ekran əsərinin gənc nəslin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda böyüməsində böyük rol oynayacaq uğurlu filmlərdən biri olacağına ümid etdiyini bildirdi. Daha sonra söz filmin ssenari müəllifi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğluya verildi. O, bildirdi ki, Azərbaycanın görkəmli sahibkar və mesenatlarına həsr olunmuş bu film Azərbaycan tarixində özünəməxsus yer tutmuş görkəmli xeyriyyəçilərin ictimaiyyətə tanıtdırılmasında mühüm əhəmiyyətə malikdir. Ölkəmizdə fəal mesenatlıq dövrü XIX əsrin sonu - XX əsrin əvvəllərinə təsadüf edir. Həmin yüksəliş dalğasının meydana gətirdiyi görkəmli şəxsiyyətlər haqqında bu günün tələbləri prizmasından yeni araşdırmaların aparılması mühüm əhəmiyyət daşıyır. Tədbir filmin nümayişi ilə davam etdi. Sonda tədbir iştirakçıları film haqqında xoş diləklərini ifadə etdilər.