XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Dekabr, 2017
Rusiyada çap olunan tarixi hərbi geyimlərə həsr olunan kitabda Azərbaycan muzeyinin materialları əks olunub
Müəllifləri Q.V.Villinbaxov, O.Q.Leonov olan “Rusiya hərbi geyimi” silsiləsinin “XVIII əsr: yeni materiallar” məlumat kitabı (Moskva, 2017, 352 səhifə) xarakterli 6-cı cildində bir sıra ölkələrin (Rusiya, Belarus, Ukrayna, Polşa, Almaniya) muzeylərinin, o cümlədən Milli Azərbaycan Tarixi Muzeyinin materialları əks olunmuşdur. Belə ki, MATM fondlarında təkcə Azərbaycan deyil, xarici ölkələrin tarix və mədəniyyətləri ilə bağlı eksponatlar qorunmaqdadır. Xarici muzeylərlə əlaqə saxlayan MATM əməkdaşları elmi mübadilə çərçivəsində müxtəlif layihələrdə iştirak edirlər. Adı çəkilən məlumat kitabının hazırlanmasında MATM Elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov iştirak etmişdir. Belə ki, onun tərəfindən muzeyin fondlarında tarixi təhlil aparılması yolu ilə XVIII əsr Rusiya hərbi uniformasına dair eksponatlar müəyyən olunmuş və kitabın müəlliflərinə yollanılmışdır. Məlumatların tarixi dürüstlüyü mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra, materiallar kitaba salınmışdır. Kitabın girişində müəlliflər Milli Azərbaycan Tarixi Muzeyi və şəxsən S.Əhmədova təşəkkürlərini bildirmişlər. Qeyd etmək istərdik ki, elmi mübadilə yolu xarici muzeylərdə Azərbaycan tarixi və mədəniyyətinə dair bir sıra qiymətli məlumatlar toplanmışdır. Kitabın ümumi tərtibatı ilə burada tanış olmaq olar: http://www.русские-витязи.рф/u24