XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
28 Dekabr, 2017
Tarixçi alim F.Cabbarov H.Z.Tağıyevin 180 illik yubileyi ilə əlaqədar təkliflərlə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, Hacı Zeynalabdin Tağıyev irsinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov məşhur sahibkar və xeyriyyəçi H.Z.Tağıyevin 2018-ci ildə tamam olacaq 180 illik yubileyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub ünvanlamışdır. Məktubda qeyd olunub ki, Tağıyevin yubileyi ərəfəsində yalnız ölkə rəhbərliyinin iştirakı ilə həllini tapa biləcək problemlər mövcuddur. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun İstiqlaliyyət küçəsindəki binasının üzərində hələ də bu binanın Tağıyev tərəfindən 1901-ci ildə Şərqdə qadınlar üçün ilk məktəb olaraq açılmasını göstərən xatirə lövhəsi vurulmayıb. Mərdəkandakı bağ evi, Zığdakı “Tağıyev kombinatı”, Neftçaladakı balıq zavodu kimi H.Z.Tağıyev tərəfindən qurulmuş obyektlər dağılmaq üzrədir və məktubda onların bərpa edilməsi xahiş olunur. F.Cabbarov həmçinin təklif edir ki, Bakının mərkəzi küçələrindən birində H.Z.Tağıyevin heykəli ucaldılsın.