XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
29 Dekabr, 2017
Muzeydə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş tədbir keçirildi
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Konfrans zalında YAP “Azərbaycan Tarixçiləri” ilk ərazi təşkilatı Milli Azərbaycan Tarixi Muzeyi ilə birgə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə və Yeni 2018-ci il təqvim ilinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Səbail rayon təşkilatı, Gənc Vətənpərvərlər Birliyinin (GVB) nümayəndələri, tarixçi alimlər, Muzey əməkdaşları və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq gələn qonaqları salamladı. O, bildirib ki, Azərbaycan xalqı 18 ildir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük qürur hissi ilə qeyd edir. Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Sonra YAP Səbail rayon təşkilatının sədr müavini Əhliman Qarayev çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. O, qeyd etdi ki, Muzeydə mütəmadi olaraq belə önəmli tarixi günlərin qeyd olunması vətənpərvərliyimizin, həmrəyliyimizin bariz nümunəsidir. Tədbirdə iştirak edən GVB-nin hərbi məsələlər üzrə müavini, Qarabağ qazisi, polkovnik-leytenant İslam Əzimov öz çıxışında Həmrəylik Gününün xalqımızın birliyinin rəmzi olduğunu bildirib. Gündən-günə daha sürətlə inkişaf edən müstəqil Azərbaycan isə dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Dünyanın hər yerindən səsi gələn həmvətənlərimiz azərbaycançılıq ideyası ətrafında milli birlik və həmrəylik nümayiş etdirir, bütün qüvvə və bacarıqlarını bu məqsəd naminə səfərbər edirlər. Tədbir Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdlərinin və Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbələrinin musiqi nömrələrindən ibarət bədii hissə ilə sona çatıb.