XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Yanvar, 2018
Muzeyin materialları əsasında "20 Yanvar şəhidləri" kataloqu nəşr olunacaq
Xalqımızın qan yaddaşında əbədi yaşayan 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Tariximizin ən vacib məqamlarını əyani olaraq əks etdirən yüz minlərlə materiala malik Milli Azərbaycan Tarixi Muzeyi 20 Yanvar faciəsi ilə bağlı sənəd, foto, əşyaların toplanması işini də həyata keçirir. Hazırda 300-dən artıq eksponat Muzeyin müvafiq fondlarında qorunmaqdadır. Nəşr olunacaq kataloqda Muzeyin Sənədli mənbələr, Hədiyyələr və Xatirə Əşyaları, Silahlar və bayraqlar, Neqativ, İncəsənət, Köməkçi tarixi fənn materialları və Etnoqrafiya fondlarında qorunan materiallar yer alacaq. Kolleksiyada hadisənin dəhşətini əks etdirən və artıq nadir muzey eksponatına çevrilmiş fotoşəkillər, qəzetlər, rəsm əsərləri, küçələrdən toplanmış avtomat gilizləri verilmişdir. Qanlı Yanvarın otuz yeddi şəhidinin şəxsi əşyaları, o cümlədən güllə ilə deşilmiş paltarları, tibbi ekspertizanın rəyləri də kolleksiyada xüsusi yer tutur. Qeyd edək ki, Muzey 20 Yanvar hadisəsinə dair tarixi əşyaların toplanması işini mütəmadi davam etdirir.