XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Yanvar, 2018
Milli Azərbaycan Tarixi Muzeyinin ən qədim arxeoloji eksponatlarından biri haqqında
Milli Azərbaycan Tarixi Muzeyinin çoxsaylı arxeoloji kolleksiyaları arasında çoxtəbəqəli Azıx paleolit düşərgəsindən tapılmış daş alətlərə də rast gəlmək mümkündür. Bu alətlərin bir qismi mağaranın ən qədim VII-X təbəqələrindən tapılmışdır. Həmin daş alətlər 1,8-1,2 milyon il bundan öncə meydana gəlmiş Quruçay mədəniyyətini təmsil edirlər. Azıx düşərgəsinin daş məmulatı arasında 1974-1975-ci illərdə mərhum arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi altında aparılmış qazıntılar zamanı VIII təbəqədən tapılmış 4-5 kq ağırlığında olan nəhəng alət diqqəti daha çox cəlb edir. Bu cür alətlər şərti olaraq qiqantolit və ya çoppinq-qiqantollit adlandırılır. Ümumiyyətlə, Azıx düşərgəsindən 3 ədəd belə daş alət tapılmışdır ki, onlardan biri hazırda Muzeyin Arxeologiya fondunda qorunur. Bu alət mağarada qədim insanların ilk məskunlaşmasından və məşğuliyyətlərindən xəbər verir.