XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
14 Mart, 2016
“I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisində XVI-XVII əsr Azərbaycan mədəniyyəti ilə bağlı unikal materiallar

AMEA Milli Azərbaycan Tarixi Muzeyində “I Şah İsmayıl – sərkərdə və hökmdar” sərgisi hazırlanmaq üzrədir. 130-dan artıq unikal eksponatın, çoxlu sayda informasiya-məlumat paneli, xəritə, portret, iriölçülü bannerlərin qurulduğu sərgidə ayrı-ayrı bölmələrin tamamlanması işi başa çatır.


Sərginin hazırlıq işləri barəsində muzeyin saytında mütəmadi olaraq məlumatlar verilir.

Belə ki,“Səfəvilər dövləti – rəmzlər, dövlət dili, inzibati quruluşu” bölməsində XVI-XVII əsr Azərbaycan mədəniyyətinə aid unikal materiallar yerləşdirilmişdir. Onlar sırasında nadir naxışlarla bəzədilmiş mis qablar, Şah İsmayıl Xətayi və Məhəmməd Füzulinin əsərlərindən səhifələrin surətləri, unikal toxunmalı əlvan ipək parça, bədii kaşılar, baş geyimlərinin bəzəkləri olan cıddalar, yazı dəstləri nümayiş olunur. Bölmədə XVI-XVII əsr Azərbaycan mədəniyyəti barəsində müfəssəl məlumat, Təbriz miniatürləri, memarlıq abidələrinin fotoşəkilləri təqdim olunur. Həmçinin bölmədə Şah İsmayıl Xətayinin dəfn olunduğu Ərdəbildəki Şeyx Səfi məğbərəsi barəsində ətraflı məlumat da verilir.

Fotoşəkillərə burada baxa bilərsiniz:  

https://www.facebook.com/TheNationalMuseumOfHistoryOfAzerbaijan/