XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
15 Fevral, 2018
Muzeydə “Bayrağımız-qürur mənbəyimizdir” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində milli maarifçilik mövzusunda müntəzəm tədbirlər keçirilir. Növbəti belə tədbir Dövlət Bayrağının mənəvi dəyərinin təbliğinə həsr olunmuş “Bayrağımız-qürur mənbəyimizdir!” mövzusunda təşkil edilib. “İnnovativ təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı və Muzeyin dəstəyi ilə keçirilmişdir. Tədbirdə “İnnovativ Təşəbbüslər” İctimai Birliyinin sədri Əşrəf Əhmədov, Muzeyin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəhman Kərimov, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, AMEA İnsan Haqları İnstitutunun, QHT-lərin, həmçinin şəhər məktəblərinin müəllim və şagird heyəti, media nümayəndələri də iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Dövlət Bayrağının təbliği məqsədilə hazırlanmış sosial video roliklər təqdim edilib. Tədbir ibtidai sinif şagirdlərinin hazırladığı bədii hissə ilə davam etmişdir. Bədii çıxışdan sonra azyaşlı məktəblilərin “Bayrağa Sədaqət Andı” içmə mərasimi keçirilib. Sonra tədbir iştirakçıları Dövlət Bayrağının tarixi və mənəvi dəyərlərinin təbliğinə həsr olunmuş çıxışlar ediblər. Bildiriblər ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadədir. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağının məktəblilərə bu cür təbliğ olunmasının və sevdirilməsinin böyük ictimai və sosial əhəmiyyəti var. Gələcəyimiz olan şagirdlər sabah bayrağımızı qoruyacaq, onu ucaldacaq gənclərdir. Sonda Müdafiə Nazirliyinin nümayəndəsi “Bayrağımız qürur mənbəyimizdir” adlı silsilə tədbirlərdə fəal iştirakına görə istedadlı şagirdlərə, müəllimlərə, ictimai nümayəndələrə “İnnovativ Təşəbbüslər” İctimai Birliyi adından sertifikatlar təqdim etdi.