XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
21 Fevral, 2018
Muzeydə Cümhuriyyət dövrünün pul vahidləri
Milli Azərbaycan Tarixi Muzeyinin bonistika kolleksiyasında tariximizin ən önəmli səhifəsi olan Azərbaycan Cümhuriyyəti dövrünə aid pul vahidləri qorunub saxlanılır. Cümhuriyyət dövrünün pul vahidləri, istiqrazlar muzeyin Köməkçi Tarixi Fənn Materialları Fondunun Bonistika bölməsində yer alıb. Müsəlman dünyasında ilk demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin ilk müstəqil pul emissiyası 1919-cu ilin əvvəlində tədavülə buraxılan 1, 25, 50, 100, 250 və 500 manatlıq əskinaslarla başlayır. Əskinasın üz tərəfində Cümhuriyyət, arxa tərəfində isə rus dilində «Азербайджанская Республика» ifadələri, əskinasın nominal dəyəri və buraxıldığı tarix göstərilmişdir. Azərbaycan Cümhuriyyətinin bu sahədəki iqtisadi siyasəti onun milli valyutası olan manatın beynəlxalq miqyasda tanınması işinə yönəlmişdi. Məhz bu baxımdan, Azərbaycan Cümhuriyyətinin Antanta dövlətləri tərəfindən tanınması nəzərə alınaraq, 500 manatlıq əskinasın üzərində dövlətin adı və pulun dəyəri fransız dilində verilmişdi. Azərbaycan Cumhuriyyətinin kağız pul dövriyyəsi tarixinin maraqlı səhifələrindən biri də çox dəyərli sənədlərdən sayılan Bakı şəhər daxili faizsiz, aparışlı (uduşlu) 500 manat məbləğində istiqrazların buraxılışıdır. Bu istiqraz Azərbaycan Hökumətinin icazəsi ilə Bakı İdarəsi tərəfindən 1919-cu il avqust ayının 20-də buraxılmışdır. Bu biletin üzərində istiqrazın buraxılması haqqında Qanundan iqtibas, uduşun miqdarı, qaydaları və müddəti göstərilmişdir. Cümhuriyyət dövrünün pul vahidləri, istiqrazlar dövrün tədqiqatı baxımından mühüm əhəmiyyətə malikdir və öz tədqiqatçılarını gözləyir.