XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
22 Fevral, 2018
Muzeydə “Xocalı Faciəsi – qan yaddaşımız” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarix Muzeyində Xocalı faciəsinin 26-cı ildönümü münasibəti ilə mərasim keçirilib. Əvvəlcə, Xocalı soyqırımında qətlə yetirilmiş həmvətənlərimizin və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Xocalı faciəsini Azərbaycan tarixində baş verən ən qanlı hadisələrdən biri adlandırıblar. Erməni silahlıları tərəfindən dinc sakinlərin xüsusi qəddarlıqla qətlə yetirildiyi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqları qeyd olunub. Tədbirdə Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin elmi işçisi, t.ü.f.d. Bəhmən Kərimov çıxış edərək iştirakçılara xalqımızın qan yaddaşı olan Xocalı faciəsindən danışıb. O, erməni silahlılarının zaman-zaman azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri qeyd edib. Elmi işçi Ləman Musayeva soyqırım haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əldə olunan nailiyyətlərdən və görülən işlərdən bəhs edib. Çıxışlarda bu faciənin ağrı-acısından, azərbaycanlıların amansızlıqla qətlə yetirilməsindən ürək ağrısı ilə söhbət açıblar. Tədbirin sonunda məktəblilərin ifasında qanlı faciə ilə bağlı şeirlər və musiqi nömrələri səsləndirilib.