XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 Fevral, 2018
“Azərbaycan Şirvanşahlar dövləti” sərgisinin açılışı olub
Bu gün Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan Şirvanşahlar dövləti” adlı sərginin açılışı olub. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, tarixçi alimlər, muzey əməkdaşları, muzeyin “Gənc muzeysevərlər və muzeyşünaslar klubu”nun üzvləri, KİV nümayəndələri iştirak etmişlər. Açılış mərasimini muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq sərginin əhəmiyyətindən danışdı. Nailə xanım bildirib ki, sərginin məqsədi tariximizin önəmli səhifələrindən olan Şirvanşahlar dövlətinin tarixini canlı olaraq tamaşaçılara çatdırmaqdır. Sonra sərginin kuratoru, Elmi-ekspozisiya və sərgilərin təşkili şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov sərgi haqqında qonaqlara ətraflı məlumat verdi. IX-XVI əsrlərdə mövcud olmuş Şirvanşahlar dövlətinə həsr olunmuş sərgi Azərbaycan tarixində ilk dəfə təşkil edilir. Sərginin məqsədi orta əsr Azərbaycan tarixində xüsusi yeri və rolu olan Şirvanşahlar dövlətinin siyasi, inzibati, iqtisadi, hərbi xüsusiyyətlərini göstərmək, əldə etdiyi nailiyyətlərini əyani olaraq nümayiş etdirməkdir. Sərgidə Muzeyin fondlarında qorunan 225 eksponat nümayiş olunur ki, onların böyük əksəriyyəti ilk dəfə tamaşaçı qarşısına çıxarılır. Bakı, Şamaxı, Şabran və digər ərazilərdə aparılmış arxeoloji qazıntılarda aşkar edilmiş materiallar muzeyin Bərpa laboratoriyasında təmizlik-bərpa işləri aparılandan sonra sərgidə təqdim edilmişdir. Eksponatlar sırasında keramika məmulatı, mis, tunc, gümüş və ağac əşyalar, parçalar, silahlar, bir neçə hakimiyyət rəmzi diqqəti cəlb edir. Sərgidə nümayiş olunan 80 ədəd Şirvan pulları xüsusi qeyd edilməlidir. Belə ki, bu numizmatik material IX-XVI əsrlərdə Şirvanın müxtəlif şəhərlərində və müxtəlif şirvanşahlar adından zərb edilmiş pullarla tanış olmağa imkan verir. Sərgi dövlətin daxili və xarici həyatını nümayiş etdirən aşağıdakı mövzular əsasında qurulmuşdur: “Şirvanşahlar dövlətinin inzibati quruluşu və dövlətçilik ənənələri”, “hərb işi”, “dənizçilik”, “sənətkarlıq və ticarət”, “şəhərlər”, “elm və mədəniyyət”. Sərgidə muzeyin sualtı arxeologiya tədqiqat qrupu tərəfindən Xəzər dənizində aşkar edilmiş eksponatlar da nümayiş olunur. Şirvanşahlar dövlətinin xüsusiyyətlərini izah etmək məqsədilə sərgidə 25 informasiya - məlumat paneli qurulmuşdur. Burada yazılı məlumatla bərabər sxemlər, rəsmlər təqdim edilir. Sərgidə qurulmuş monitorda dünya muzeylərində qorunan və Şirvanşahlar dövlətinə aid edilən eksponatların fotoşəkilləri göstərilir. Sərgi 2018-ci il mayın 15-dək davam edəcək.