XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
26 Fevral, 2018
“Hacı Zeynalabdin Tağıyev və Azərbaycan Cümhuriyyəti” mövzusunda tədbir keçirilib
2018-ci ildə ilk müstəqil cümhuriyyətimizin 100 yaşı tamam olur. Eyni zamanda bu il böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin (1838-1924) anadan olmasından 180 il ötür. Bu iki əlamətdar hadisə ilə əlaqədar AMEA Milli Azərbaycan Tarixi Muzeyi bir sıra tədbirlər həyata keçirir. Fevralın 24-də Bakı Atatürk liseyində “Hacı Zeynalabdin Tağıyev və Azərbaycan Cümhuriyyəti” mövzusunda tədbir keçirilib. Tədbiri açan liseyin tarix müəllimi Elmar Həsənli təhsil ocağında Cümhuriyyətin 100 illiyi ilə əlaqədar silsilə görüşlərin keçirildiyini və onlardan birinin H.Z.Tağıyevin Cümhuriyyət dönəmində fəaliyyətinə həsr olunduğunu bildirdi. Daha sonra AMEA Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov geniş məruzə ilə çıxış etdi. Məruzəçi H.Z.Tağıyevin 1917-1920-ci illərdə ictimai və sahibkarlıq fəaliyyətinə, milli hökumətə münasibətinə dair maraqlı faktları dinləyicilərin diqqətinə çatdırdı. O, qeyd etdi ki, H.Z.Tağıyev müstəqil dövlətin iqtisadi təməlinin möhkəmlənməsinə, təhsil sisteminin inkişafına mühüm töhfələr vermişdir. Tədbirdə iştirak edən H.Z.Tağıyevin varisləri öz xatirələri ilə bölüşdülər. Daha sonra auditoriyanın sualları cavablandırıldı. Tədbirin yekununda F.Cabbarova Bakı Atatürk liseyinin təşəkkürnaməsi təqdim edildi.