XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
01 Mart, 2018
Almaniyalı arxeoloq Muzeyi ziyarət edib
Dünyanın görkəmli tarixçi və arxeoloqları Milli Azərbaycan Tarixi Muzeyinə daim maraq göstərir və ziyarət edirlər. Almaniyanın dünyaca tanınmış arxeoloqu, professor Harld Hofman və xanımı Salva Hofman Azərbaycana səfər çərçivəsində Muzeyi ziyarət ediblər. Muzeyin Xüsusi fondunun müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova professor H.Hofmanı və xanımını Muzeyin ekspozisiya zalları ilə tanış edib. O, qonaqlara Muzeyin maddi mədəniyyət nümunələri haqqında ətraflı məlumat verib. Almaniyalı alim və onun xanımı Azərbaycana “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB)”nin sədri Hüseyn Büyükfıratın dəvəti ilə gəlmişlər. 82 yaşlı professor Harld Hofman 1968-cı ildən başlayaraq uzun müddət Almaniya Arxeologiya İnstitutunun İstanbuldakı şöbəsinin müdiri olmuşdur. O, Şanlıurfadakı erkən neolit dövrünə aid (e.ə. IX minillik) Nevalı Çori, Elazığ bölgəsindəki eneolit-tunc-erkən dəmir dövrü Norşuntəpə Höyüğü məskənini aşkar və tədqiq etmiş ekspedisiyalara rəhbərlik etmişdir. H.Hofmanın başçılığı ilə Pakistanın şimal bölgəsində aparılan arxeoloji tədqiqatlar aparılmışdır. Onun Anadolu, Yaxın Şərq, Pakistan, Balkan və Yunanıstanın qədim arxeologiyası üzrə monoqrafiyaları müasir arxeologiyanın əsaslarını təşkil etməkdədir. O, Heydelberq Universitetinin (Almaniya) tarixəqədərki və erkən tarix dövrü professoru, Heydelberq Akademiyasının, Serbiya Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvüdür.