XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
16 Mart, 2018
Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycan tarixi” mövzusunda məktəblərarası bilik yarışması keçirilib
Bu gün Milli Azərbaycan Tarixi Muzeyinin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş məktəblərarası viktorina keçirilib. Azərbaycanın zəngin tarixinin öyrənilməsi, eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyinə və maarifləndirici yarışlara marağın artırılması məqsədilə təşkil olunmuş intelektual yarışda Xətai rayonu 55 saylı tam orta məktəb, Səbail rayonu T.İsmayılov adına 6 saylı məktəb-lisey və M. Rahim adına 7 saylı tam orta məktəbin şagirdləri iştirak ediblər. Viktorinanın sualları Muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. Bəhman Kərimov tərəfindən orta məktəblərin “Azərbaycan tarixi” fənni proqramı və Muzeyin elmi-ekspozisiyasına uyğun olaraq hazırlanmışdır. Viktorina Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. İştrakçılara aparıcı tərəfindən verilən suallar monitorda slayd vasitəsilə müşaiyət olunurdu. Viktorinanın turları “Tarix və hadisələr”, “Tarixdə şəxsiyyətlər”, “Şəhərlər və abidələr”, “Milli Azərbaycan Tarixi Muzeyini necə tanıyırsan ?” adlı mövzular üzrə keçirilib. Maarifləndirici yarışda hər biri 6 nəfərdən ibarət 3 – “Odlar yurdu”, “Xəzər”, “Sabah” komanda iştirak etmişdir. Viktorinada qalib komanda muzeyin direktoru, akademik Nailə Vəlixanlı başda olmaqla elmi işçilərdən ibarət münsif heyəti tərəfindən qiymətləndirilmişdir. Qızğın mübarizə şəraitində keçən bilik yarışmasının qalibi Xətai rayonu 55 saylı tam orta məktəbin “Odlar yurdu” komandası oldu. Qaliblər diplom, Muzeyin nəfis tərtibatlı nəşrləri və xüsusi hədiyyə kimi Milli Azərbaycan Tarixi Muzeyinin “Ailə bileti” ilə mükafatlandırıldılar. Sonda iştirakçı məktəblərin tarix müəllimələri “Azərbaycan tarixi” mövzusunda keçirilmiş viktorina haqqında fikirlərini və təşkilatçılara minnətdarlığını bildirdilər.