XƏBƏRLƏR
02 Aprel, 2018
İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirildi
Bu gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirildi.
Tədbirdə İEB-in akademik-katibi, akademik Nərgiz Axundova gündəlikdəki məsələləri diqqətə çatdıraraq, bügunkü iclasda “Azərbaycan orta əsrlər tarixinə dair Osmanlı arxiv mənbələri (təhrir dəftərləri) əhəmiyyəti və tədqiqat perspektivləri” mövzusunda məruzənin dinləniləcəyini bildirdi.
Daha sonra AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev sözügedən məruzəni təqdim etdi. Yaxın Şərq mənşəli yazılı mənbələrin dil baxımından əsasən üç qrupa (ərəb, fars və türk dillərində olan tarixi qaynaqlar) ayrıldığını deyən alim türkdilli mənbələrin böyük hissəsini Osmanlı mənşəli tarixi qaynaqlarının təşkil etdiyini bildirdi. O, Osmanlı mənbələri arasında XVI əsrin sonu və XVIII əsrin 20-ci illərini əhatə edən və “təhrir dəftərləri” adlanan arxiv sənədlərinin öz həcminə və tarixi məlumatları ehtiva etməsinə görə xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, bu mənbələr XV-XVIII əsrlərdə Osmanlı imperiyasında iqtisadi həyatı, xüsusilə maliyyə-vergi praktikasını tənzimləyən dövlət sənədləri funksiyasını yerinə yetirirdi. Vaxtı ilə əraziləri Osmanlı imperiyasına daxil olan ölkələrin sosial-iqtisadi tarixinin öyrənilməsi baxımından da arxiv mənbələri unikal xarakter daşıyır.
Məruzəçi diqqətə çatdırdı ki, tarixi tədqiqata cəlb edildiyi zaman “təhrir dəftərləri” dolğun statistik məlumat əsasında Osmanlı imperiyasının, onun ayrı-ayrı inzibati bölgələrinin, o cümlədən müəyyən dövrlərdə imperiyanın tərkibinə daxil olan Azərbaycanın sosial-iqtisadi mənzərəsini yaratmağa imkan verir. Sənədlər həm də demoqrafik prosesləri izləməyə, əhalinin təqribi sayı və etno-dini tərkibi haqqında məlumat əldə etməyə kömək edir.
Akademik Ş.Mustafayev “təhrir dəftərləri”nin rəsmi maliyyə sənədi olduqları üçün məxfi xarakter daşıdığını və ərəb əlifbasının xüsusi qrafikasından istifadə olunmaqla hazırlandığını bildirdi. Vurğuladı ki, Azərbaycanın tarixi ərazilərinə aid XVI əsrin sonu və XVIII əsrin 20-ci illərdə tərtib olunmuş və hazırda Türkiyənin arxivlərində saxlanan bir sıra “təhrir dəftərləri” ölkəmizin orta əsrlərdə sosial-iqtisadi tarixini araşdırmaq üçün mühüm mənbə bazasını təşkil edir.
Ölkəmizdə Osmanlı tarixi araşdırmalarının, o cümlədən Osmanlı “təhrir dəftərlərinin” sistemli şəkildə tədqiqi və nəşrinin akademik Ziya Bünyadovun adı ilə bağlı olduğunu deyən məruzəçi onun təşəbbüsü ilə ötən əsrin 80-ci illərindən etibarən Şərqşünaslıq institutunun alimləri tərəfindən bu sahədə ardıcıl işlərin aparıldığını, İrəvan, Naxçıvan, Gəncə-Qarabağ, Borçalı-Qazax, Lori, Ərdəbil bölgələrinə aid bir sıra “təhrir dəftərləri” tərcümə, nəşr və tədqiq edildiyini diqqətə çatdırdı. O, hazırda bu istiqamətdə işlərin davam etdirildiyini söyləyərək, bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun dəstəyi ilə həyata keçirilən “Cənubi Qafqaz və Azərbaycana dair Osmanlı vergi dəftərlərinin transliterasiyası, tərcüməsi və nəşri” adlı irihəcmli layihənin icrasından danışdı. Bildirdi ki, layihə çərçivəsində AMEA-nın Şərqşünaslıq və Ədəbiyyat institutlarının mütəxəssisləri tərəfindən Tiflis, Təbriz, Urmiya və Marağa bölgələrinə aid təhrir dəftərlərinin üzərində işlər aparılır, onların əlyazmalarının mətnləri transliterasiya və tərcümə edilərək çapa hazırlanır.
Çıxışının sonunda Ş.Mustafayev bu işlərin nəticəsində tariximizin müəyyən dövrü üçün Azərbaycanın milli tarixi atlasının hazırlanmasının mümkün olacağını vurğuladı.
Məruzə ətrafında AMEA-nın müxbir üzvləri Könül Bünyadzadə, Şahbaz Muradov, tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyli çıxış edərək Osmanlı arxiv mənbələrindən, xüsusilə “təhrir dəftərləri”nin materiallarından Azərbaycanın tarixi əraziləri və itirilmiş torpaqlarının siyasi, sosial-iqtisadi və mədəni tarixinin araşdırılması sahəsində geniş istifadə olunmasının zəruriliyini bildirdilər.
Sonda bölmənin qərarı ilə məruzənin AMEA Rəyasət Heyətinin iclasına çıxarılması qərara alındı.
Tədbirdə bir sıra elmi-təşkilati və kadr məsələlərinə də baxıldı.
I Qarabağ müharibəsi şəhidinin materialları Muzeyə verilib
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.
Muzey əməkdaşı Beynəlxalq Təhsil Kompleksi IB-nın şagirdlərinə mühazirə deyib
Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı Qənirə Qafarlı Bakı Beynəlxalq Təhsil Kompleksi IB-nın 4-cü sinif şagirdlərinə mühazirə deyib. Mühazirə Bak...
Muzeyə Qarabağ şəhidinin materialları daxil olub
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sar...
Muzey əməkdaşı beynəlxalq gənclər konfransında iştirak edib
MATM-nin əməkdaşı Şəfa Mövsümov Pakistanın İslamabad Münaqişə Həlli İnstitutunun (İslamabad İnstitute of Conflict Resolution) təşkilatçılığı ilə keç...
Muzeydə Lütfi Zadə irsi təbliğ edilir
Bu gün dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, AMEA-nın fəxri üzvü, professor Lütfi Zadənin 100 illiyi tamam olur. Yanvarın 25-...
Hörmətli izləyicilər!
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhid...
Fevralın 2-də AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) “İnkubator və Texnologiya Transferi Mərkəzi”nin təqdimatına həsr olunmuş tədbir keçirilib
Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Emin Dadaşov “Müasir muzeylərdə yüksək texnologiyaların tətbiqi (...
Hörmətli izləyicilər! Sizə Milli Azərbaycan Tarixi Muzeyinin Baş mütəxəssisi Aynur Babayevanın hazırladığı “Qarabağın general qubernatoru – Xosrov bəy Sultanov” adlı məqaləni təqdim edirik.
AXC-nin qurulması Qarabağın tarixində də mühüm hadisə olmuşdur. 1918-ci ilin mayında Şimali Azərbaycan özünün dövlət müstəqilliyini elan etdikdən sonr...