XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
03 Aprel, 2018
Muzeydə növbəti mühazirə keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Sənətşünaslıq” fakültəsinin magistrantları üçün mühazirələr təşkil edilir. Növbəti mühazirə “Muzey eksponatlarının bərpası” mövzusunda təşkil edilmişdir. Dinləyicilər arasında “İncəsənət əsərlərinin bərpası və ekspertizası” ixtisaslı olan magistrantlar da olmuşdur. Mühazirəni Muzeyin Bərpa laboratoriyasının bərpaçı rəssamı, əməkdar mədəniyyət işçisi Gülşən Hacıyeva apardı. Mühazirəçi magistrantların elmi-tədqiqat işlərinin yerinə yetirilməsində Bərpa laboratoriyasının iş prinsipindən danışdı. O, laboratoriya şəraitində aparılan mühazirə vaxtı əyani olaraq keramika, portret, mis qablar üzərində bərpa prosesini izah etdi. G.Hacıyeva vurğuladı ki, bəzi eksponatların bərpası mümkün olmadıqda, konservasiya edilir. Yəni muzeyə daxil olan eksponatın hansı vəziyyətdə olmasından asılı olmayaraq, tam nümayiş etdirilə biləcək hala gətirilir. Mühazirə tələbələr tərəfindən bəyənildi və dinləyicilərin sualları məruzəçi tərəfindən ətraflı cavablandırıldı. Növbəti mühazirə aprel ayının 4-də “Elmi-tədqiqat işlərinin aparılmasında muzey fond materiallarının əhəmiyyəti” mövzusunda keçiriləcəkdir. Mühazirə Muzeyin Elmi fond işləri üzrə direktor müavini, t.ü.f.d. Məhfuzə Zeynalova tərəfindən aparılacaqdır. Muhazirələrin aparılmasında məqsəd, magistr proqramı üzrə təhsil alan sənətşünas tələbələrin muzeyşünaslıq-sənətşünaslıq vəhdətində elmi-tədqiqat işini aparmasında muzeyin rolunu vurğulamaqdır. Həmçinin, magistrantların müstəqil şəkildə elmi-tədqiqat işlərini aparmasında onları istiqamətləndirməkdir.