XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
06 Aprel, 2018
Muzeydə “XX əsrin əvvəllərində Cənubi Qafqazda erməni terroru” adlı elmi seminar keçirilib
Prezident İlham Əliyevin azərbaycanlıların soyqırımının 100 illiyi haqqında imzaladığı Sərəncama əsasən Milli Azərbaycan Tarixi Muzeyində mütəmadi maarifləndirici tədbirlər keçirilir. Bu gün Muzeyin Xarici əlaqələr və elmi-kütləvi iş şöbəsinin təşkilatçılığı ilə “XX əsrin əvvəllərində Cənubi Qafqazda erməni terroru” adlı növbəti elmi seminar keçirilib. Seminarda tarixçilər, Muzey əməkdaşları, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri və KİV nümayəndələri iştirak ediblər. Tədbirdə Muzeyin elmi katibi, t.ü.f.d. Fərhad Cabbarov və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, t.ü.f.d. Firdovsiyyə Əhmədova məruzə ilə çıxış ediblər. Tədqiqatçı alimlər tariximizin önəmli səhifələrindən birini təşkil edən azərbaycanlıların soyqırımı mövzusunda dinləyicilərə ətraflı məlumat verdilər. XX əsrin əvvəllərində daşnaklar tərəfindən xüsusi qəddarlıq ilə törədilmiş faciələrin səbəbi, məqsədi və nəticələri müzakirə olunub. Məruzəçilər çıxışlarında qeyd ediblər ki, XIX-XX əsrin əvvəllərində bir çox dövlətlərin geosiyasi maraqlarının toqquşması kontekstində Cənubi Qafqazda günahsız insanlara qarşı törədilmiş soyqırımların əsas səbəbkarlarının daşnaklar olduğunu görürük. Ermənilərin Qafqaz regionuna kütləvi köçürülməsi və bu siyasətin acı nəticələrindən biri kimi türk-müsəlman əhaliyə qarşı həyata keçirilən soyqırım cinayətləri Osmanlı imperiyasının Şərqi Anadolu hissəsində olduğu kimi, Cənubi Qafqaz regionunda da azərbaycanlılara qarşı törədilmişdir. Beləliklə, XX əsrin əvvəllərində Azərbaycanın və Cənubi Qafqazın tarixi daha çox qanlı faciələr dövrü kimi yadda qalmışdır. Azərbaycan xalqı böyük müqavimət göstərməsinə baxmayaraq, XX əsrdə qanlı soyqırımlar və deportasiyaların ağır və əzablı yollarından keçməli olmuşdur. Tədbirin sonunda tarixçi alimlər iştirakçıların suallarını ətraflı cavablandırmışlar.