XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
17 Aprel, 2018
Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş II Respublika elmi konfransı keçirilib
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” adlı II Respublika elmi konfransı keçirilib. Iki seksiyadan ibarət olan konfransda muzey əməkdaşları ilə yanaşı, respublikanın müxtəlif elmi-tədqiqat institutlarının elmi əməkdaşları iştirak etmişlər. Konfransda tarix, etnoqrafiya, arxeologiya, numizmatika, muzey, kitabxana, və arxiv işləri üzrə 50-ə yaxın iştirakçının elmi məruzələri dinlənilib. Konfransı muzeyin direktoru, akademik Nailə Vəlixanlı giriş nitqi ilə açaraq iştirakçıları salamlayaraq və onlara uğurlar dilədi. Nailə xanım hər il muzeydə mütəmadi olaraq keçirilən respublika elmi konfransının əhəmiyyətindən danışaraq elmi işçilərin, tədqiqatçıların bu konfransda iştirakının onların gələcək elmi fəaliyyətində mühüm rol oynadığını söyləyib. Tarixçi alim qeyd etdi ki, konfrans Ulu öndər Heydər Əliyevin 95-ci ildönümünə həsr olunub. Heydər Əliyevin Azərbaycanda muzey işinin təşkilində, inkişafında və maddi texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri vardır. Dahi liderin hər zaman Azərbaycanın mədəniyyəti, incəsənəti, tarixi-mədəni irsinin öyrənilməsinə və təbliğinə xüsusi diqqət göstərdiyini vurğulayan akademik Nailə Vəlixanlı qeyd edib ki, ulu öndər H.Əliyevin təşəbbüsü ilə 1969-cu ildə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qərar qəbul edilib və bu sənəd ölkəmizdə muzeylərin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə, onların şəbəkəsinin genişləndirilməsinə təkan verib. Ümummilli lider Heydər Əliyev tərəfindən 1980-ci ildə muzey işinə dair növbəti qərarın qəbul olunduğunu xatırladan N.Vəlixanlı 1980-1982-ci illərdə respublikada 30-a yaxın muzeyin fəaliyyətə başladığını bildirib. Alim dahi liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra isə ölkəmizdə bu sahəyə xüsusi diqqətin yetirildiyini, muzey işinin dünyəvi prinsiplər əsasında inkişaf etdirilməsi üçün 24 mart 2000-ci ildə "Muzeylər haqqında" Qanunun qəbul olunduğunu diqqətə çatdırıb. Muzey direktoru mədəni irsimizin qorunub saxlanılması və təbliği siyasətinin bu gün ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyərək, 6 mart 2007-ci ildə ölkə başçısı tərəfindən imzalanan "Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında" Sərəncamı xatırladıb. Çıxışının sonunda N.Vəlixanlı rəhbərlik etdiyi müəssisədə milli dəyərlərimizin mühafizəsi, bərpası və təbliği istiqamətində görülən işlərdən bəhs edib. Sonra konfrans Muzeyin elmi işlər üzrə direktor müavini t.ü.e.d. Nərgiz Əliyevanın Maarifçiliyin və elmi irsin təbliği sahəsində Milli Azərbaycan Tarixi Muzeyinin son illər fəaliyyətinə həsr olunmuş çıxışı ilə başlayıb. Daha sonra Muzeyin Numizmatika və Epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d., professor Əli Rəcəbli “Şirvanşah - Səfəvi konfrantasiyası (numizmatik faktlar əsasında)”, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Muzey işi sektorunun müdiri Pakizə Almazova “Heydər Əliyevin mədəni irsimizin qorunması və təbliğində rolu”, Azərbaycan Milli Kitabxanası Kitabxanaşünaslıq elmi - tədqiqat şöbəsinin müdiri, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Aygün Hacıyeva “Azərbaycan Milli Kitabxanasının nadir və qiymətli ədəbiyyat fondu” və b. maraqlı mövzularda məruzə ilə çıxışlar ediblər. Konfransın məruzələri muzeyin konfrans materialları toplusunda nəşr olunacaq.