XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
30 Aprel, 2018
AXC-nin fəallarından biri general Əliağa Şıxlinskinin şəxsi əşyalrı muzeydə qorunur
Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin fəallarından biri hərbi nazirin müavini general Əliağa Şıxlinskinin şəxsi əşyaları qorunur. Bunlar Əliağa Şıxlinskinin portreti, yəhərüstü, şamdan, külqabi, qayçı, bıçaq, kəmər, şinel, uzunboğaz çəkmə, əsa və s. ibarətdir. Generala məxsus şəxsi materiallar muzeyin Hədiyyələr və xatirə əşyaları fondunda qorunur, ekspozisiyada nümayiş olunur. Əliağa Şıxlinski 1865-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olmuşdur. 1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1914-cü ildə baş verən Birinci Dünya müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi məhz general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, Artilleriyanın nəzəri və praktiki inkişafındakı danılmaz xidmətlərinə və qazandığı qələbələrə görə ruslar Ə.Şıxlinskiyə “Artilleriyanın allahı” ləqəbini verirlər. 1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilir. O, 1918-ci ilin yayında Nuru paşa ilə birgə bolşevik-daşnak hərbi birləşmələrinin məhvində və Bakının azad edilməsində xüsusi rol oynamışdır. 1920-ci il aprelin 12-də Rusiyanın təcavüz təhlükəsinin gerçəkləşdiyi günlərdə Xüsusi Dəstənin Qarabağda saxlanılması barədə əmrin Səməd bəy Mehmandarov xəstə olduğu üçün nazir vəzifəsini icra edən general Ə.Şıxlinskinin imzalamadığını, bunun bolşevik casusları tərəfindən uydurulduğunu söyləyirlər. 1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə isə vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Ə.Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və görünür, buna görə yeni sovet hökuməti digərlərindən fərqli olaraq ona toxunmadı.