XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
10 May, 2018
Muzeyin arxeoloji incisi - çəkməformalı saxsı qablar
Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyası unikal materiallarla zəngindir. Maraqlı nümunələrin kiçik bir hissəsini Qızılburundan və Mingəçevirdən aşkar edilmiş çəkməformalı gil qablar təşkil edir. Sovet arxeoloqu Aleksandr Müller tərəfindən 1926-cı ildə Qızılburundan tapılmış çəkməformalı gil qab qırmızı rənglidir və natamamdır. 1946-1953-cü illərdə də arxeoloq Saleh Qazıyevin rəhbərliyi ilə Mingəçevirdə aparılmış arxeoloji qazıntılar zamanı çox bükülü torpaq qəbirlərdən çəkməformalı gil qablar aşkar olunmuşdur. Bunlar çarığa bənzəyən quruluşlara malik olub, hamısı boz rənglidir. Onların yalnız iki ədədi bütöv, qalanları isə natamam vəziyyətdədir. Bu qablar içinin boş və dolu olmasına görə fərqlənirlər. Maraqlıdır ki, çəkməformalı gil qablara yalnız qəbirlərdə rast gəlinir. Həmin qablara qəbirlərdə rast gəlinməsini tədqiqatçılar tərəfindən dəfn ayini - ölünü sanki «o biri dünyaya» yola salmaq və ona «yaxşı yol» arzulamaq kimi izah olunmuşdur. Azərbaycandan tapılmış çəkməformalı gil qablar sovet tarixçisi Qavril İone tərəfindən ayrıca öyrənilmişdi. O, bu qabların dövrünü e.ə. I minilliyin birinci yarısına aid etmişdi. Bu saxsı qablar Naxçıvan və Xocalı-Gədəbəy arxeoloji mədəniyyəti tayfalarının həm geyim zövqünü, həm də axirət dünyası haqda təsəvvürlərini öyrənmək üçün sanballı əşyavi mənbələrdir.