XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
23 May, 2018
Muzeydə Qazaxıstan Respublikasının “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisinin açılışı olub
AMEA Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsi çərçivəsində “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisinin açılışı olub. Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Beybit İsabayev və başqa səfirliklərin nümyəndələri, KİV nümayəndələri iştirak ediblər. Tədbirin açılışından əvvəl Qazaxıstan Respublikasının Milli Muzeyinin direktor müavini A.K.Satubaldin, tarix elmləri doktoru, professor Z.S. Samaşev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev və KİV nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib. Mətbuat konfransını giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, media işçilərini və gələn qonaqları salamladı. O, bildirib ki, bu sərginin Milli Azərbaycan Tarixi Muzeyində keçirilməsi çox mühüm bir hadisədir. Qazaxıstanla Azərbaycan arasında mədəni əlaqələr, çoxşaxəli, ikitərəfli əməkdaşlıq müsbət inkişaf edir. Türk dünyası xalqlarının tarixinin tədqiqi və təbliği baxımından “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi böyük əhəmiyyətə malikdir. Sonra Qazaxıstan Respublikasının Milli Muzeyinin direktor müavini A.K.Satubaldin çıxış edib. O, qonaqlara sərgi haqqında ətraflı məlumat verib. A.K.Satubaldin sərginin əhəmiyyətindən və gələcək planlarından danışıb. Mətbuat konfransında iştirak edən akademik Şahin Mustafayev sərginin türk dövlətlərinin öyrənilməsində, xüsusilə Qazaxıstanın qədim və orta əsrlər tarixinin tədqiqində mühüm rol oynadığını dedi. Şərqşünas alim bildirib ki, Qazaxıstan dövlətinin tarixini özündə əks edtirən eksponatlar – zərgərlik məmulatları, “Qızıl adam” tamaşılarda böyük maraq yaradacaq. Sonra arxeoloq, tarix elmləri doktoru, professor Z.S. Samaşev çıxış etdi. Qeyd etdi ki, türk xalqları çox böyük məsafədə bir-birindən ayrı yaşamalarına baxmayaraq, işlətdikləri yüzlərlə sözün kökü eynidir. “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsinin məqsədi əcnəbiləri erkən dəmir dövründə Avrasiyanın Böyük çölünün ərazisində meydana gələn mədəni irs ilə tanış etməkdir. Sərgidə İssıq kurqanında tapılan əsləhəli saka döyüşçüsü “Qızıl adam”, Qazaxıstan Respublikasının Milli Muzeyinin fondlarında qorunan e.ə. VIII əsrə aid olan qızıl məmulatları kolleksiyası təqdim edilir. Çıxışlardan sonra KİV nümayəndələrinin sualları cavablandırılıb. Sonda hər iki muzeyin rəhbərləri arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Mətbuat konfransından sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olub, qazax milli musiqilərinə qulaq asıblar. Çıxış edənlər sərginin Bakıda keçirilməsinin Qazaxıstanın mədəni mirasının təbliği, Azərbaycanla arasındakı mədəni əlaqələrin möhkəmlənməsi, bu mövzuda elmi araşdırmaların genişləndirilməsi və davam etdirilməsinə töhfə verdiyini vurğulayıblar. Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın akademik-katibi, akademik Nərgiz Axundova və muzeyin direktoru, akademik Nailə Vəlixanlıya muzeyin təzə nəşr olunmuş kataloqu və qazax milli geyimləri hədiyyə olunub. Sonra “Qızıl adamın dünya muzeylərinə səyahəti” beynəlxalq sərgilər layihəsi çərçivəsində “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisinin təntənəli açılışı baş tutub. Muzeyin möhtəşəm Şəqr zalında təşkil olunan sərgidə gələn qonaqlara ekskursiya aparılıb. Sərginin baş eksponatı 1969-cu ildə Qazaxıstanın tanınmış arxeoloqu Kamal Akişevin rəhbərlik etdiyi ekspedisiyanın Almatı şəhərindən şərqə doğru 50 km. aralıdakı İssıq kurqanında aşkarlanan “Qızıl adam”dır. Hazırda dünyada məşhurlaşan “Qızıl adam” Qazaxıstan Respublikasının rəmzinə çevrilmişdir. Buraya XIX əsr – XX əsrin ortalarına aid 170-dən çox zərgərlik məmulatı daxildir. “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” sərgisi 2018-ci il iyulun 1-dək nümayiş etdiriləcək.