XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
04 İyun, 2018
Muzeydə “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərgi davam edir
25.05.2018-ci il tarixindən etibarən Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Azərbaycanın istiqlal müjdəçiləri” adlı sərgi keçirilir. Əsas məqsəd 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyətini işıqlandırmaqdır. Sərgidə qurulmuş 13 iriölçülü informasiya panelində Cümhuriyyətin siyasi, ictimai, hərbi liderlərinin bioqrafiyaları, həyata keçirdikləri tədbirlər barəsində məlumat verilir, fotoları təqdim edilir. Sərgi zalında qurulmuş digər 30-dan artıq panellərdə Cümhuriyyət xadimlərinin, bəzisi ilk dəfə işıq üzü görmüş tarixi fotoşəkilləri nümayiş etdirilir. Ayrıca, panellərdə Cümhuriyyətin 300-dən artıq xadiminin adı, soyadı, atasının adı göstərilir, fəaliyyət sahəsi barədə məlumat verilir. Zalın baş tərəfində Dövlət Bayrağının təsviri, həmçinin, heykəltəraş Elşən Sərxanoğlunun müəllifi olduğu “İstiqlal müjdəçisi” adlı heykəl nümayiş etdirilir. Sərgidə, həmçinin, Cümhuriyyətin görkəmli xadimlərinə məxsus olmuş və Muzeyin fondlarında saxlanılan tarixi eksponatlar vitrinlərdə nümayiş olunur. Sərgidə, o cümlədən, Cümhuriyyətin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Muzeyə hədiyyə olunmuş məktubları da göstərilir. Həmçinin, təkcə Muzeyin fondlarında olan deyil, fərdi kolleksionerlərdə olan materiallar da nümayiş olunur. Sərgi 2018-ci il sentyabrın 5-dək davam edəcək.