XƏBƏRLƏR
XƏBƏRLƏR -
Xəbər arxivi
08 İyun, 2018
Muzeyin arxeoloji incisi: İnsan təsvirli şirli boşqab
Milli Azərbaycan Tarixi Muzeyinin fond və ekspozisiyasında təqdim edilən arxeoloji kolleksiyasının maraqlı nümunələrindən kiçik bir hissəsini orta əsr şəhər yerlərindən tapılmış insan təsvirli şirli qablar təşkil edir. Bu tip qabların içərisində isə nəzərə çarpan ən gözəl və ən nəfis nümunələrdən biri Beyləqandan tapılıb və XII əsrə aiddir. Muzeyin ekspozisiyasında nümayiş etdirilən bu boşqab 1960-cı ildə mərhum arxeoloq Qara Əhmədovun rəhbərliyi ilə üzə çıxarılıb. Boşqabın mərkəzində qarşı-qarşıya dayanmış iki insan təsviri verilmişdir. Hər ikisi bir əlini irəli uzadaraq kuzəni xatırladan əşyanı saxlayırlar. Həmin əşya açıq qəhvəyi rəngdədir. Onu altında isə ərəb əlifbası ilə sözlər yazılmışdır. Hər iki insanın kişi cinsindən və zadəgan olması təəssüratını yaradır. Onların arxasında islami naxışlar həkk edilib. Bu nəfis saxsı nümunəsinin hündürlüyü 8 sm, ağız diametri 31 sm, oturacaq diametri isə 9,8 sm-dir. Onun ərsəyə gətirilməsində dulus çarxında formalaşdırma, anqoblama, boyama, şirləmə və bişirmə kimi texnoloji üsullardan istifadə olunub. Bu şirli boşqab Azərbaycanın orta əsrlər dövründəki dulusçularının bədii saxsı məmulatının hazırlanması üzrə peşə bacarıqlarının səviyyəsi, eləcə də öz dövrünün adətləri və dini-fəlsəfi dünyagörüşü haqqında dolğun təsəvvür yaradır.